ABŞ və Ukrayna müharibəni dayandırmaq üçün bunu gözləyir
ABŞ və Ukrayna nümayəndələri müharibənin dayandırılması yolları ilə bağlı “konstruktiv müzakirələr” aparıldığını bildiriblər. Lakin tərəflər vurğulayıb ki, real nəticə yalnız Rusiyanın uzunmüddətli sülhə doğru ciddi addım atacağı təqdirdə mümkündür.
Crossmedia.az BBC-ə istinadən xəbər verir. Birgə açıqlamada ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Jared Kuşner qeyd ediblər ki, “hər hansı razılaşmaya doğru irəliləyiş Rusiyanın qətllərin dayandırılmasına ciddi sadiqlik nümayiş etdirməsindən asılıdır”.
Ukraynanı danışıqlarda Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və general-leytenant Andrey Qnatov təmsil edib.
Görüşdə gələcək təhlükəsizlik zəmanətləri və təsir mexanizmləri müzakirə olunub. Moskva ilə aparılan son danışıqlarda kompromis əldə edilmədiyi bildirilir. Kiyev vurğulayır ki, sülhün istənilən formulu Ukraynanın suverenliyini, vətəndaşların təhlükəsizliyini və ölkənin gələcək inkişafını təmin etməlidir.
Tərəflər həmçinin ABŞ-ın Putinlə apardığı dialoqu və Ukraynanın müharibədən sonrakı bərpası məsələlərini də gündəmə gətiriblər.
Əsas fikir ayrılığı işğal altındakı ərazilərin statusu və təhlükəsizlik zəmanətləri ilə bağlıdır. Kompromis yoxdur.
Donald Tramp danışıqları “kifayət qədər yaxşı” adlandırıb. Prezident Zelenski isə hesab edir ki, müharibənin bitməsi üçün şans var, lakin bunun üçün Rusiyaya təzyiq artırılmalıdır.
Sevinc Yarməmmədova
12:57 06.12.2025
Oxunuş sayı: 1474