Musiqili Teatrda “Amerikalı kürəkən”in 70-ci nümayişi oldu
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində növbəti dəfə böyük maraqla qarşılanan "Amerikalı kürəkən" tamaşası nümayiş olundu. Səhnəyə qoyulduğu ilk gündən tamaşaçı sevgisini qazanan bu musiqili komediya, illər keçsə də, aktuallığını itirməyən mövzusu və yüksək ifa keyfiyyəti ilə mədəniyyət gündəmində öz yerini qoruyur.
Qeyd edək ki, iki hissəli komediyanın musiqisi mərhum bəstəkar, Xalq artisti Ramiz Mirişliyə, librettosu Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevə, quruluşu Xalq artisti, "Şöhrət"ordenli İlham Namiq Kamala məxsusdur. Premyerası 2010-cu ildən təqdim olunan tamaşanın 70-ci nümayişi də böyük anşlaqla keçdi.
Tamaşanın süjet xətti olduqca maraqlı və ictimai-sosial baxımdan toxunulmazdır. Əsər cəmiyyətimizdə hələ də rast gəlinən, övladının xoşbəxtliyini yalnız maddi rifahda görən valideyn obrazının tipik nümunəsi olan Tünzalə xanımın-Rəsmiyyə Nurməmmədovanın ətrafında cərəyan edir. O, qızı Reyhanı (Gültac Əlili) varlı-hallı birisinə-Cəlil Balayeviçə (Əkbər Əlizadə) ərə vermək arzusundadır. Lakin qızı Reyhan sadə ingilis dili müəllimi olan Kamranı (Səmədzadə Xasıyev) sevir. Bu ziddiyyətli vəziyyətdən çıxış yolu kimi gənclərin qurduğu məzəli "Amerikalı kürəkən" oyunu tamaşanın əsas leytmotivini təşkil edir.
Komediya janrının bütün imkanlarından istifadə edən əsər sevginin və həqiqi dəyərlərin saxta ambisiyalar üzərində qələbəsini nümayiş etdirir, tamaşaçıya həm güldürən, həm də düşündürən anlar bəxş edir.
"Amerikalı kürəkən" tamaşası həm musiqi sənətimizin ən yaxşı nümunələrindən bəhrələnən, həm də müasir dövrün mənəvi dəyərlərinin müdafiəsinə qalxan, yaddaqalan və ibrətamiz musiqili komediyadır. Gənclərin sevgisinin qarşısını heç bir qüvvənin kəsə bilməyəcəyini göstərən məzhəkə dolu tamaşa seyrçilərə həm əyləncə, həm də həyat həqiqətləri üzərində düşünmək imkanı verir.
Nigar Yahyazadə
11:53 06.12.2025
Oxunuş sayı: 1414