Parisdə Beynəlxalq Nəqliyyat Forumunun illik məsləhətləşməsi keçiriləcək
Dekabrın 2-də Parisdə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) illik məsləhətləşməsi keçiriləcək. Tədbir İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Konfrans Mərkəzində hibrid formatda təşkil ediləcək.
Crossmedia.az xəbər verir ki, məsləhətləşmədə qlobal nəqliyyat siyasətinin formalaşmasında mühüm rol oynayan beynəlxalq dialoqun növbəti mərhələsi müzakirə olunacaq.
Ölkəmizi illik məsləhətləşmədə təmsil edəcək səfir Leyla Abdullayeva Azərbaycanın 2026 ITF sədrliyinin prioritetlərini təqdim edərək, Azərbaycanın sədrliyi dövründə qurumun hədəfləri və əməkdaşlıq istiqamətlərini vurğulayacaq.
2007-ci ildən bəri keçirilən bu görüşlər dünya üzrə 60-dan çox beynəlxalq, hökumətlərarası və qeyri-hökumət təşkilatını bir araya gətirərək nəqliyyat sektorunda əməkdaşlığı gücləndirməyi hədəfləyir. Əsas tematik istiqamətləri müzakirə etmək məqsədi daşıyan bu platforma 2025–2027-ci illəri əhatə edən “Nəqliyyatın davamlılığı” trilogiyasının mərkəzində dayanır.
2026-cı ildə keçiriləcək sammit “Dayanıqlı nəqliyyatın maliyyələşdirilməsi”, 2027-ci ildə keçiriləcək sammit isə “Dayanıqlı nəqliyyatın idarə olunması” mövzularına həsr ediləcək. 2016-cı ildən etibarən məsləhətləşmələr çərçivəsində qadınların nəqliyyat sektorunda rolu üzrə xüsusi görüşlər də keçirilir. Növbəti belə tədbir 2026-cı il martın 9-da təşkil olunacaq.
Tədbirdə beynəlxalq və hökumətlərarası qurumlar, maliyyə institutları, sənaye birlikləri, tənzimləyici orqanlar, tədqiqat mərkəzləri və həmkarlar ittifaqları kimi dəvət olunmuş təşkilatların nümayəndələri iştirak edəcəklər.
ITF-nin Baş katibi Yung Tae Kim, ITF-in institusional əlaqələr və sammit rəhbəri Mari Krass, Azərbaycanın 2026 ITF sədrliyi adından ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva çıxış edəcəklər. Tədbirdə ITF Katibliyi təşkilatın davamlı nəqliyyat üzrə araşdırmalarını təqdim edəcək və iştirakçılarla potensial əməkdaşlıq imkanlarını müzakirə edəcək.
Bu sessiyada 2026-cı il sammitinin əsas mövzuları təqdim olunacaq. İştirakçı təşkilatlar nəqliyyatın maliyyələşdirilməsi ilə bağlı öz təkliflərini və baxışlarını bölüşəcəklər. Sessiya çərçivəsində tərəfdaş təşkilatlar üçün geniş əməkdaşlıq imkanları təqdim ediləcək.
2026 ITF İllik Məsləhətləşməsi nəqliyyat siyasətində davamlılıq, dayanıqlılıq və beynəlxalq əməkdaşlıq məsələlərinin yenidən önə çəkildiyi mühüm bir platformadır. Azərbaycanın 2026-cı il üçün ITF sədrliyinin təqdim olunması isə tədbirə xüsusi əhəmiyyət qatır. Bu görüş qlobal nəqliyyat sisteminin gələcəyini formalaşdıracaq yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi üçün geniş imkanlar açır.
19:02 01.12.2025
Oxunuş sayı: 1111