AVTOMOBİL BAZARINDA XAOS BAŞLADI: Qiymətlər bahalaşır, risklər yüksəlir
Azərbaycan avtomobil bazarında son aylarda müşahidə olunan qeyri-sabitlik, qiymət dəyişiklikləri və çatdırılmalardakı gecikmələr alıcılar arasında ciddi narahatlıq yaradıb. Xüsusilə Çin istehsallı avtomobillərin artan populyarlığı, daşımada baş verən ləngimələr və logistika xərclərinin yüksəlməsi bazarda həm gərginlik, həm də gözləmə ab-havası formalaşdırıb. Mütəxəssislər bildirirlər ki, ilin sonuna yaxın bu proses daha da kəskinləşə, sifarişlərin gecikməsi və qiymətlərin yüksəlməsi halları genişlənə bilər. Məhz belə bir dönəmdə həm müştərilərin, həm də şirkətlərin davranış modeli, qarşılıqlı anlaşma mexanizmləri və etibarlı tərəfdaş seçimi daha kritik əhəmiyyət daşıyır.
Mövcud vəziyyəti Crossmedia.az-a dəyərləndirən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının üzvü, nəqliyyat məsələləri üzrə ekspert Orxan Sabiroğlu avtomobil bazarında yaranan problemlərin səbəblərini və yaxın perspektiv üçün gözləntiləri açıqlayıb. “Avtomobil bazarında hazırda həm gərginlik, həm də ciddi çaşqınlıq müşahidə olunur. İnsanların böyük qismi hansı qərarı verəcəyini dəqiq bilmir. Bununla yanaşı, artıq avtomobil sifariş etmiş və ya almış şəxslər də az deyil. Lakin bazarda gecikmələr var və bu gecikmələrin fonunda bəzi satıcılar qiymətləri artırırlar. Burada bir məqamı xüsusi vurğulamaq lazımdır, hamını eyni şəkildə ittiham etmək düzgün olmazdı. Çünki doğrudan da daşımada və digər logistika xərclərində artım var. Məsələn, avtomobil satışını həyata keçirən şirkət sifarişi qəbul edib, lakin hazırda daşıma şirkətinin qiymət qaldırması səbəbindən problem yaşayır. Bu isə istər-istəməz alıcıya təsir edir. Ən doğru yanaşma — avtomobili sifariş edənlə onu gətirən şirkət arasında qarşılıqlı anlaşmanın yaranmasıdır. Əks halda gecikmələr artdıqca qiymətlər də yüksələcək. Xüsusilə ilin sonuna yaxın bazarda sıxlıq olacağı gözlənilir və bəzi müştərilərin avtomobillərinin vaxtında çatmaması mümkündür. Buna görə şirkətlə müştəri ortaq məxrəcə gəlməli və prosesi maksimum tez həll etməlidirlər”.
Ekspert digər vacib məsələnin rəsmi servislərdə qiymət artımı olduğunu bildirib: “Artıq bəzi modellərdə qiymətlər yüksəlib və bu proses qaçılmaz görünür. Çünki həm Çində istehsal xərcləri, həm də daşıma qiymətləri dəyişib. Hərçənd bu artım kütləvi deyil, müəyyən modellərdə müşahidə olunur, lakin rəsmi servislərin qiymətlərində dəyişikliyin davam edəcəyi ehtimalı böyükdür. Bazarın başqa bir problemi — avtomobil idxalı ilə məşğul olan çoxsaylı şirkətlərin verdiyi vədlərdir. Bu gün yüzlərlə şirkət, hətta adi vətəndaşlar belə avtomobil gətirməyə başlayıblar. İnsanlar sifariş zamanı mütləq etibarlı şirkətlər seçməlidirlər. Çünki bəzi şirkətlər reallığa uyğun olmayan qısa müddətlər vədlər verirlər ki, bu da sonradan ciddi narazılıqlara səbəb olur. Ona görə imza atılan müqavilənin qarşı tərəfə güvənilən şirkətlə olması çox vacibdir. Bir daha qeyd etmək istəyirəm ki, avtomobili gecikən müştərilər şirkətlərlə əlaqə saxlayıb qarşılıqlı anlaşma əldə etməlidirlər. Çünki vaxt uzandıqca həm qiymətlər artacaq, həm də çatdırılma riskli hala gələcək. 2026-cı ildə Azərbaycan avtomobil bazarında nə baş verəcəyi isə bu gün dəqiq deyil. Qarşıda böyük dəyişikliklər var və həmin dəyişikliklər alıcı davranışını, bazarın dinamikasını müəyyən edəcək. Necə ki iki il əvvəl Çin istehsalı avtomobillərin bazara bu qədər sürətli və uğurlu girişini heç kim gözləmirdi—eyni vəziyyət gələn il də yaşana bilər. Belə şəraitdə bəzi insanlar süni qiymət artımına gedəcək, avtomobilləri dəyərindən baha satmağa çalışacaqlar. Bu tip hallar həmişə olub və təəssüf ki, bundan sonra da olacaq. Son olaraq, tövsiyəm odur ki: kiminsə avtomobili yoldadırsa, gecikir və cüzi məbləğ fərqləri yaranıbsa, həmin əlavəni ödəyib avtomobilin gətirilməsini təmin etmək daha doğrudur. Çünki vaxt uzandıqca həm qiymətlər daha da dəyişə, həm də gecikmələr arta bilər”.
Ayhan
18:08 22.11.2025
Oxunuş sayı: 3630