“Ateroskleroz və dislipidemiyanın idarəolunması: çağdaş yanaşmalar və perspektivlər” - ekspertlər forumu
Kardiologiya və lipidologiya sahəsində aparıcı mütəxəssislərin iştirakı ilə “Ateroskleroz və dislipidemiyanın idarəolunması: çağdaş yanaşmalar və perspektivlər” mövzusunda ekspertlər forumu keçirilib. Forum Azərbaycanda lipid məktəblərinin yaradılması təşəbbüsünün ilk rəsmi iclası olmaqla xüsusi əhəmiyyət kəsb edib.
Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutundan (ETKİ) məlumat verilib. Forumun açılışında ETKİ-nin direktoru professor Gülnaz Dadaşova lipidologiya sahəsində yeni mərhələnin başlandığını vurğulayıb. O deyib: “Bu Forum Azərbaycanda lipidologiya üzrə yeni fəslin başlanğıcıdır. Lipid məktəblərinin açılması ölkədə erkən diaqnostika, həkim təlimi və əhalinin maarifləndirilməsi sahəsində dönüş nöqtəsi olacaq”.
Sonra Forumun əsas qonağı — Avropa lipidologiyasının aparıcı simalarından biri, professor Alberiko L. Katapano (İtaliya) çıxış edib. Qeyd edək ki, professor Katapano sadəcə dünya miqyasında tanınan tədqiqatçı deyil, Avropa Ateroskleroz Cəmiyyətinin sabiq prezidenti, EAS/ESC dislipidemiya üzrə klinik təlimatların həmmüəllifi, lipid metabolizmi, ateroskleroz patogenezi, PCSK9 inhibitorları və lipoprotein(a) üzrə aparıcı araşdırmaların müəllifidir. Onun elmi nüfuzu və beynəlxalq təcrübəsi lipid məktəblərinin yaradılması prosesinə xüsusi strateji dəyər qatır. Katapononun rəhbərlik etdiyi yanaşmalar Avropada lipid idarəetməsinin qızıl standartı sayılır və bu biliklərin Azərbaycanda tətbiqi milli kardiovaskulyar risklərin idarə edilməsində yeni mərhələnin əsasını qoyur.
Birinci plenar müzakirə çərçivəsində ETKİ-nin elmi katibi tibb üzrə fəlsəfə doktoru Təranə Cavadova ölkədə lipid xidmətinin təşkili və Milli Lipid Xəritəsi Təşəbbüsü barədə geniş təqdimatla çıxış edib.
Daha sonra həkim-kardioloq, tibb üzrə fəlsəfə doktoru Ruslan Nəcəfov, professor Valeh Mirzəzadə, həkimlər Gülşən Süleymanova və Fuad Səmədov aterosklerotik ürək-damar xəstəliklərinin qlobal yükü, şəkərli diabet və dislipidemiya ilə bağlı müasir multiborbidlik yanaşmaları, aterosklerozun qeyri-invaziv görüntülənməsində innovativ həllər, lipid metabolizminə genetik yanaşmalar və fərdiləşdirilmiş tibbin imkanları mövzularında məruzələr təqdim ediblər.
Dialoq bölməsində PCSK9 inhibitorları, siRNA texnologiyası, lipoprotein(a) və digər müasir müalicə hədəfləri üzrə interaktiv müzakirələr aparılıb.
Bu Forum təkcə elmi fikir mübadiləsi deyil, həm də Azərbaycanda lipid məktəblərinin fəaliyyətinə rəsmi başlanğıcı elan edən ilk tədbirdir. Təşəbbüs ölkədə kardiovaskulyar risklərin azaldılması, lipid pozulmasının erkən aşkarlanması və həkimlərin müasir biliklərlə təchiz olunması istiqamətində yeni strateji mərhələ yaradır.
08:54 17.11.2025
Oxunuş sayı: 1497