"Arabadakı adam" kimdir?
Tanınmış jurnalist, pedaqoq-alim, yazıçı Zemfira Məhərrəmlinin tarixi Zəfərimizin 5 illiyi ərəfəsində mənə təqdim etdiyi “Arabadakı adam” romanını elə Zəfər bayramı günündə birnəfəsə oxudum və düşüncələrə daldım. İlk baxışdan göz önündə fərqli assosiasiya yaradan “Araba” deyimi türkiyəli dostlarımızın anlamında dəbdəbəli minik avtomobili nəzərdə tutulmur. Və ya tələsən arabaçının sərt qırmacı altında yönü yoxuşa üz tutmuş, bacaqları gərilmiş atların, öküzlərin dartdığı yük arabasına da işarə olunmur. 44 günlük Vətən müharibəsində sağ ayağının dizdən aşağı hissəsini itirmiş qazinin əlil arabasından söhbət gedir. O, hər gün dan üzü sökülməmiş bu araba ilə Xəzərin sahilinə, “qırçın ləpələr”in pıçıltılarının ziyarətinə gəlir, qəlbində qübarlanan saf arzularını mavi dənizin sirli-soraqlı sularına söyləməyə, niyyətinin mehrabına, səcdəgahına tələsir...
Arabadakı adam əsərdə epizodik planda verilir... və süjet bütövlükdə Seymurun təhkiyəsi ilə təqdim olunur. Maraqlıdır ki, bu epizod romanda simvollaşır, problemlərin koduna çevrilir və “Arabadakı adam” mənəvi zənginliyi, idrakı, məntiqli mühakimələri ilə baş qəhrəman qatına qədər yüksəlir.
Seymur uzaq dağ kəndindən baş götürüb şəhərə gəlmiş, bağçılıq üzrə ali təhsilli mütəxəssis, ləyaqətli gəncdir. Bacısı Ləmanın namus üstündə bir şərəfsizi qətlə yetirib həbsxanaya düşməsi, buna görə yaranmış dedi-qodulardan yaxa qurtulması üçün şəhərə gəlməsi, burada sosial-məişət problemlərinin girdabında çabalaması, təsadüfən dəniz sahilində “Arabadakı adam”a rast gəlməsi və bununla da dan yerinin üfüqündən qızılı şüaların hər iki gəncin səhərinə, bəxtinə, taleyinə yayılması insanda haqqa, ədalətə, gələcəyə, saflığa, insanlığa inamı daha da artırır.
Yazıçı Zemfira Məhərrəmli “Arabadakı adam”ı – Qarabağ qazisi olan Kənanı dünyagörüşlü, əxlaqlı, xeyirxah, cəsur, vətən və namus uğrunda mərd mübariz, qəhrəman kimi təqdim edir.
Ləman isə dil-ədəbiyyat müəllimidir, şagirdlərini “ilk növbədə gözəl düşünməyə” çağırır, çalışır. Sevdiyi Səlimin onu aldadaraq uyuşdurucuların təsiri ilə namusuna təcavüz etməsini, sonra isə başqası ilə evlənmək istəməsini xəyanətkara bağışlamır. On il qadın həbsxanasında xalça toxumaqla nüfuz qazanır, aldığı zəhməthaqqından tək-tənha qalmış anasına göndərir...
Haşiyə: Bir neçə il bundan öncə Qadın həbsxanasında keçirilən tədbirə mən də dəvət almışdım. Rəhbərliyin təklifi ilə Xalçaçı və Bilgisayar kurslarını bitirmiş xanımlardan birinə, namus üstündə həbs olunan Lamiyyə adlı məhbusa diplom təqdim etmişdim. Tədbirdən sonra məhbus qadınların xalça sexində iş prosesini izləmiş, mənə orada hazırlanmış, üzərində “Kəbə və dörd minarəli məscid” təsviri olan, kiçik ölçülü bir xalça hədiyyə olunmuşdur. Xalçanı indi də yadigar olaraq saxlayıram. Bəlkə də Lamiyyənin romandakı prototipi elə Ləmanın özüdür.
Kənan Seymurla söhbətində Ləmanın başına gələn hadisəyə münasibətini qəzəblə belə bildirir: “- Oğullar gedir davaya. Torpaq uğrunda canlarını qurban verirlər. Amma Səlim kimi şərəfsizlər davadan yayınırlar. Hələ bu azmış kimi ismətli qızlarımızın namusuna əl atırlar”. “Arabadakı adam” romanın digər hissəsində Ləmanla bağlı onun qardaşına üz tutaraq: “Ləman onun ismətinə ləkə gətirən bir əclafı öldürüb, düşüb türməyə. Bu işdə sənin başını aşağı edəcək heç nə yoxdur” – deyir.
Əsərdə 2020-ci il Zəfərdən öncəki və sonrakı dövr insanların taleyində, ömür yolunda baş verən hadisələr, təcavüzə qarşı qisas hissi, mübarizə əzmi incələnir. Yüksək mənəviyyatın, vətənpərvərlik və millətsevərlik ruhunun daşıyıcıları olan Kənan erməni faşizminə qarşı döyüşdə sağ ayağını itirməsinə görə və Ləman namusuna hiylə ilə təcavüz edən əyyaş, harınlamış Səlimi qətlə yetirdiyinə üçün “türmə”yə düşməsindən peşman deyildir.
Yazıçı Zemfira Məhərrəmli əsərin ruhuna uyğun olan, müəllifə məxsus aforizmlərdən yerli-yerində istifadə etməyi bacarmışdır: “İnsanlar səni tanımasa bundan narahat olma, sən insanları tanımadığın üçün narahat ol. s.81”, “İnsan sevdiyinə güvənər, yoxsa güvəndiyini sevər? s. 83”, “Ox yalnız geri çəkilərək atılanda yaydan çıxır və hədəfə dəyir. s.84” və s.
O, dünyanın taleyini düşünür, planetin gələcəyindən yazıçı hissiyyatı, həssas duyğusu, öncəgörümü ilə narahatdır. Yeri kainatın ən gözəl planeti adlandırır. Qanlı münaqişələrin, bitib-tükənməyən savaşların, ən müasir silahların mədəniyyəti, bütövlükdə sivilizasiyanı kor qoyduğundan nigarandır. “Yüz ildən sonra dünya necə olacaq? İnsanlar necə yaşayacaq? Günəş indiki kimi dənizdən nazlana-nazlana çıxa biləcəkmi?” Yazıçının oxucusuna ünvanladığı bu suallar ritorik olsa da düşündürücüdür. İnsanlar sabahımız, gələcəyimiz naminə birliyə, yaşıl planetimizi qorumağa çağrılır.
Azərbaycan insanının, cəmiyyətinin son on illik mübarizəsindən, fərdlərarası münasibətlərindən, yaşam tərzindən, gələcəyə hesablanmış arzularından bəhs edən “Arabadakı adam” romanı Zemfira Məhərrəmlinin sayca 20-ci kitabıdır. Əsər ideya-bədii məziyyətlərinə və dil-üslub xüsusiyyətlərinə görə təqdir və təbliğ olunmağa layiqdir.
Asif Rüstəmli
17:33 10.11.2025
Oxunuş sayı: 4079