Şəfa mələyi
2021-ci ilin o boğucu, soyuq, səssiz payız günü heç yadımdan çıxmır. Küçələr boş, pəncərələr bağlı idi, insanlar hələ də qorxunun içərisində gizlənmişdi. Sanki şəhər illərdir nəfəsini içində saxlamışdı. Küçələrdə həyat donmuşdu. İnsanlar bir-birindən uzaqlaşmış, evlərinə qapanmışdılar. Hər kəsin gözündə görünməz bir qorxu, dodaqlarında eyni dua vardı: ”sağ qalmaq.” Hər yerdə dəhşətli Əzrayılın – COVİD-in adı çəkilirdi. Bu ad elə bil ölümün özü idi.
Bilgəh “modul xəstəxanası”nda növbədə idim. Hər dəfə əynimə skafandr – qoruyucu forma geyinəndə içimdə qəribə bir hiss doğulurdu: sanki ölüm ilə həyatın sərhədində keşik çəkirdim.
O axşam növbədən çıxanda telefonuma zəng gəldi. Yazıçı dostlarımızdan biri idi. Hal-əhval tutduqdan sonra səsi birdən dəyişdi, asta səslə :
-Doktor, xəbəriniz varmı? Məti müəllim yol qəzasına düşüb. Vəziyyəti çox ağırdır, - dedi...
Bir anlıq söz tapıb danışa bilmədim. Qulaqlarıma inanmadım. Elə bildim nəsə səhv başa düşdüm.:
-Nə danışırsan?-dedim. - Ola bilməz, Məti müəllim?! -Nə pis xəbər oldu...
Səsimdə həm təəccüb, həm də qorxu vardı. İçimdən bir sızıltı keçdi. Telefonun o başından gələn səssizlik sanki hər şeyi təsdiqlədi:
-Hə, reanimasiyadadır...
Sanki xəstəxananın soyuq divarları üstümə çökdü. Deyəsən ürəyimdən bir parça qopdu. Məti müəllim mənim üçün təkcə yazıçı deyildi, bir dost, bir ağsaqqal idi.
Mən onu kitablarından, mətbuatda çıxan yazılarından ciddi alim, Bakı Dövlət Universitetinin müəllimi kimi tanıyırdım. Yazıçılar Birliyində keçirilən tədbirlərdə qarşılaşmış, söhbət etmişdik. Son vaxtlar tez-tez zəng vurub hal-əhval tuturdu. Üzümə deməsə də, COVİD zamanı səfərbərlik rejimində işlədiyim üçün narahat idi...
COVİD zamanı xəstəxana müşahidələrimi sosial şəbəkədə paylaşırdım.
-Bu qeydlər son dərəcə maraqlı silsilə hekayələrin mövzusudur, doktor. Sonra kitab çap etdirməli olsanız, hökmən ön sözünü mən yazacam, - demişdi.
O mənə həm həkim, həm də yazıçı kimi müraciət edirdi. Peşəmə və qələmimə dəyər verməsi mənim ruhuma çox yaxın idi. Sanki təbabətin və ədəbiyyatın ortasında bir dostluq qurulmuşdu və hər söhbətimiz zamanı onun sözlərində bir istilik, özümə qarşı bir hörmət və rəğbət hiss edirdim.
Dərhal ona baş çəkmək qərarına gəldim. Modul xəstəxanada növbəm bitən kimi yorğun və bir az da həyəcanlı halda onun yatdığı klinikaya - “Zəfəran hospital”a yollandım.
Qapıda məni içəri buraxmaq istəmədilər:
-Bağışlayın, xanım, olmaz. Xəstə yenicə palataya köçürülüb, hazırda yatır. Yalnız ən yaxın adamları yanına buraxılır, - dedilər.
Bir anlıq tərəddüd etdim, israrla müalicə həkimi ilə görüşmək istədiyimi bildirdim. Qapıda söhbət etdiyim xanım həkim olduğumu və COVİD xəstəxanasında çalışdığımı biləndə üzündəki ifadə dəyişdi, səsində yumşaqlıq yarandı:
-Buyurun, -dedi gülümsəyərək. -Amma yanında az qalın, xəstəmiz hələ zəifdir.
Mənə içəri keçməyə icazə verdilər, əlimdəki meyvə dolu çantanı isə içəri buraxmadılar. Bildirdilər ki, burada yatan xəstələrə kənardan gətirilən ərzaq verilmir. Razılaşmalı oldum. Çantanı kənara qoyub, palataya yollandım. İkinci mərtəbəyə qalxdım. Palatanın qarşısında bir an dayandım - ürəyim qəribə ritmlə döyünürdü. Sonra dərin bir nəfəs alıb qapını ehtiyatla açdım və səssizcə içəri daxil oldum...
Palataya daxil olanda sanki zaman dondu. Otaqda qəribə bir sükut vardı - nə monitor səsləri, nə də tibb bacılarının addımları eşidilirdi. Hər şey sakit idi və bu sükutun içində bir ağrı gizlənmişdi.
Məti müəllimi tanımaq çətin idi. Bədəni “fiksator” adlanan qəlibə salınmışdı. İki-üç günün içində çox sınıxmışdı. Üzündəki solğunluq, gözlərinin çuxura düşməsi, səsinin zəif çıxması ürəkağrıdıcı idi. Bir an dayandım. İçimdən bir istilik keçdi, dərin kədər hiss etdim.
- Məti müəllim.. - deyə asta səslə çağırdım. Ağrıkəsici dərmanların təsirindən gözləri yuxuya dalmışdı. Gözlərini açdı. Məni görəndə baxışlarında ani bir işıq yandı, içində bir ümid qığılcımı doğdu. İşıqlı bir təbəssümlə pıçıldadı:
-Doktor... siz gəlmisiz?
- Bəli.. - deyə gülümsədim. -Necəsiniz?
-Şükür, yaxşıyam..
O anda anladım ki, bəzən bir ziyarət, bir baxış, bir söz belə şəfa qədər dəyərlidir...
Məti müəllim dodaqlarını güclə tərpətdi, zəif, amma səmimi səslə dedi:
-Sizi belə bir ağır vaxtda başımın üstündə görmək ...inanırsınız, mənim üçün böyük bir fəxrdir. Təşəkkür edirəm, doktor, çox sağ olun ki, gəldiniz...
Stul çəkib oturdum. Əlindən tutdum. Əli isti idi, baxışlarında həm ağrı, həm də minnətdarlıq var idi.
O, dərin bir nəfəs aldı, bir qədər susdu. Sonra sakit səslə başına gələn qəzanı danışmağa başladı:
-Hər şey bir anın içərisində oldu... Həmin gün 10 kilometr piyada gəzmişdim. Gəzmək “normamı” doldurub, evə getmək üçün yolu keçirdim. Qəfil əks tərəfdən sürətlə bir maşın çıxdı. Onu görməyə macal tapmadım. Güclü bir zərbə hiss etdim, sanki yer ayağımın altından çəkildi... Yerə çırpılanda çanaq sümüyünün parçalandığını hiss etdim.
Bir anlıq gözlərini yumdu, səsi bir az titrədi:
- Əvvəl huşum üstümdə idi. Evə və dostum professor İlham Pirməmmədova zəng vurdum. Həyat yoldaşım, oğullarım və İlham müəllim dövlət xəstəxanasına məndən əvvəl gəlmişdilər... İlkin müdaxilədən sonra “daha bizlik bir iş yoxdur” dedilər. Sonrasından xəbərim olmadı...
Gözlərimi “Zəfəran hospital”da açdım. Məni dövlət xəstəxanasından təcili bura, cavan travmotoloq-cərrah Ramil Abuzərovun üstünə gətirmişdilər. Doktor əməliyyatı dərhal eləmədi.
Məti müəllim gülümsünüb, özünəməxsus tərzdə izah elədi:
- Əvvəlcə həyatda qalıb-qalmayacağıma əmin olmaq istəyirdilər... İndi Allaha şükür, yaşayıram.
Son cümlə onun dodaqlarından şeir kimi çıxdı...
- Ancaq yaşamağın qiyməti bahadır, - bunu da öz tərzində dedi. - Özəl klinikanın xərci ağırdır. Pulu olmayan yaşamaq haqqını da itirir...
O bu sözləri deyərkən baxışları tavana dikildi. Mən onun üzündəki yorğunluğa, eyni zamanda içindəki dirənişə qürurla baxırdım. O an içimdə qəribə bir inam vardı- onun tezliklə sağalacağına və yenidən ayağa qalxıb şax yeriyəcəyinə inanmışdım.
Son vaxtlar hər gün ölüm ilə həyatın sərhədində durmuşdum, neçə-neçə xəstənin ağrısını görmüşdüm. Amma Məti müəllimin danışığı, günümüzün acı gerçəyinə qarşı ironiyası başqa cür təsir edirdi. Qarşımdakı insan ədəbiyyatın, sözün, düşüncənin içində yaşayan, minlərlə oxucunun qəlbinə yol tapan bir yazıçı idi. İndi isə hərəkətsiz, dəmir “qəlib” içinə salınmışdı. Bu, ürəyimə toxunurdu.
Xəyalımdan cürbəcür fikirlər keçirdi. Bəlkə mənim bu qəfil gəlişim, bu görüş onun üçün elə də böyük bir hadisə deyil. Amma baxışlarında gördüyüm sevinc, üzündəki təbəssüm mənə başqa şeyi deyirdi.
Xəstəxana otağına bir müddət sükut çökdü. Tibbi cihazların ritmik səsi eşidilirdi. Mən onun əlini sıxıb sakitcə:
-Narahat olmayın, Məti müəllim, - dedim. - Siz mütləq ayağa qalxacaq, yenidən o əvvəlki həyat ritminə qovuşacaqsınız. Siz güclü insansınız- mən sizə inanıram. Siz də özünüzə inanın. Bəlkə bu ağrılar bir gün gələcək yazılarınıza ilham olacaq...
Onun üzünə yenidən təbəssüm gəldi:
-Özümə inanmasam da, sizə inanıram, - dedi. -Bəzən ağrı da insana dərs verir. Yaşamağın qədrini bilmək dərsi...
Bu söz o qədər ciddi səsləndi ki, araya yenidən sükut çökdü. “Xəstəni çox narahat etmək olmaz”, düşüncəsi ilə yavaşca ayağa qalxdım. Ovcumda tutduğum pulu hiss etdirmədən balıncının altına qoydum.
-Yox...olmaz, doktor.. bu düzgün deyil.
Mən gülümsədim, sakitcə cavab verdim:
-Bu sadəcə kiçik bir diqqətdir. Heç nə deməyin...
Qapıya tərəf yönəldim. Geri dönəndə onun üzündə kövrəklik gördüm. Pıçıltı ilə:
-Tez sağalın, - deyib, palatadan çıxdım.
Arxamca qapı astaca örtüldü. Dəhlizdə addımlarımın səsi boğucu sükutda qəribə səslənirdi. Təəssüf içində, amma daxilimdə bir az rahatlıqla xəstəxananı tərk etdim..
Günlər keçdi. COVİD xəstələrinin ardı-arası kəsilmirdi, xəstəxana tamamilə ağır xəstələrlə dolmuşdu. Həyat öz axarında, yorucu bir gedişdə davam edirdi.
Məti müəllim haqqında düşünürdüm. Vəziyyətində ciddi bir irəliyəyiş olmadığını deyirdilər. O, qəzaya düşəli bir aya yaxın idi...
Bir gün səhər növbəsinə gələndə telefonuma mesaj gəldi. Yazıçı dostlarımdan biri idi: “Məti müəllim artıq evə buraxılıb. Müalicəsi bundan sonra evdə davam etdiriləcək. Sizə səmimi salamlarını və dərin hörmətini çatdırır”.
Mesajı oxuyanda daxilimdə qəribə bir istilik hiss etdim – sanki vəziyyəti yaxşılaşmış bir xəstə kimi mən də rahat nəfəs aldım...
Məti müəllim ikinci əməliyyatdan – bədənindəki metal “qəlib” söküləndən sonra ayağa qalxdı. Bu hamımız üçün sevinc xəbəri oldu.
Bir gün ondan mənə bir mesaj gəldi: “Bəzən şəfa dərmandan yox, bir baxışdan, bir gəlişdən doğur. Ağır anımda şəfa mələyini başımın üstündə görmək mənə həm ümid, həm də həyat gətirdi”...
Bu cümlələri oxuyanda gözlərim doldu. Düşündüm ki, bir insanın həyatına azacıq işıq salmaq bütöv bir dünyanı işıqlandırmağa bərabər olur...
Mən o günü, onun təbəssümünü, baxışındakı işığı və zərif minnətdarlığı heç vaxt unutmadım...
Məlahət Hümmətqızı
15:36 03.11.2025
Oxunuş sayı: 6956