COP29-dan COP30-a keçid və XIII Qlobal Bakı Forumuna hazırlıq mövzusunda yüksək səviyyəli görüş keçirilib
Paris Sülh Forumu çərçivəsində "COP29-dan COP30-a: Qlobal İqlim Dialoqunun İrəlilədilməsi və XIII Qlobal Bakı Forumuna Hazırlıq" mövzulu görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan görüş Serbiyanın sabiq prezidenti Boris Tadiçin moderatorluğu, dünyanın müxtəlif ölkələrindən sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, parlament üzvləri və ekspertlərin iştirakı ilə baş tutub.
Görüş COP29-un nəticələrindən çıxış edərək, COP30-a hazırlıq prosesi, qlobal iqlim maliyyələşməsi və dayanıqlı inkişafın çağırışlarını müzakirə etmək məqsədini daşıyıb. Görüşdə müzakirə olunan mövzular arasında Xəzər dənizinin hüquqi statusu, enerji və ekoloji əməkdaşlıqla bağlı gündəlik məsələləri əhatə edən "Caspian Sea agenda" da yer alıb.
Qeyd edək ki, Mərkəz son illərdə London və Bakı İqlim Fəaliyyəti Həftələri, eləcə də Pekin, Daşkənd və Nyu-Yorkda keçirilmiş yüksək səviyyəli toplantılarda iqlim gündəliyinə töhfə verib. Parisdə keçirilən bu tədbir də Mərkəzin davamlı təşəbbüslərinin əsas hissəsi hesab olunur.
Görüş çərçivəsində 2026-cı ilin mart ayında baş tutacaq XIII Qlobal Bakı Forumuna dair müzakirələr də xüsusi yer alıb, o cümlədən, Forumun təqdimatı baş tutub.
Tədbirdə çıxış edənlər arasında COP29 Prezidenti və Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, və eləcə də, COP20, COP21, COP22, COP24 və COP30 Prezidentləri, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova, Latviyanın xarici işlər naziri Baiba Braze, Fransa Senatının vitse-prezidenti Xavier İokavelli, Fransa senatoru Natali Gulet, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Yunanıstanın sabiq Baş naziri Georgios Papandreu və Avropa Mərkəzi Bankının sabiq Prezidenti Jan-Klod Trişe və digər nüfuzlu liderlər yer alıb.
21:41 29.10.2025
Oxunuş sayı: 2142