AZAL öz gəlirini özü təmin edir - İqtisadçı
2024-cü ildə “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin maliyyə səmərəliliyinə dair aparılan audit istilik enerjisinin maya dəyəri ilə tətbiq edilən tariflər arasında ciddi fərqin mövcud olduğunu ortaya qoyub. Hesablama Palatasının məlumatına görə, 1 Qkal istilik enerjisinin orta maya dəyəri bütün istehlakçı qrupları üzrə 37 manat təşkil edib. Xüsusilə əhali qrupu üçün bu rəqəm 43 manata yaxın olub ki, bu da qüvvədə olan tarifdən iki dəfədən çoxdur. Qeyri-əhali qrupu üzrə isə maya dəyəri müqavilə qiymətindən aşağı səviyyədə müəyyənləşdirilib.
Bu nəticələr istilik enerjisi sektorunda qiymət siyasətinin yenidən qiymətləndirilməsinin və resursların daha səmərəli idarə edilməsinin vacibliyini gündəmə gətirir.
İqtisadçı-ekspert Fuad İbrahimov Crossmedia.az-a açıqlamasında bildirib ki, məsələ təkcə “Azəristiliktəchizat” ASC ilə məhdudlaşmır: “Bizdə bir çox dövlət şirkəti var ki, hökumətin dotasiyasındadır, yəni maya dəyərindən aşağı xidmət göstərir. Əhalinin gəlirləri, ödəniş qabiliyyəti və sosial rifah siyasəti prioritet istiqamət olduğuna görə, bu gün maya dəyərinə uyğun tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun sayılmır".

Ekspertin sözlərinə görə, dövlət şirkətləri arasında fəaliyyətinə görə fərqlənən qurumlar da var: “Məsələn, "Azəristiliktəchizat"ın son illərdəki fəaliyyəti doğrudan da təqdirəlayiqdir. Çünki uzun illər iflic vəziyyətdə olan kommunikasiyaların bərpası həyata keçirilib. Şəhərsalma prinsiplərinə zərər vermədən, yolları dağıtmadan, mümkün qədər zərərsiz şəkildə bu ASC mühüm işlər görüb və görməkdə davam edir. Bunun əsas səbəbi odur ki, şirkətin başında peşəkar rəhbərlik dayanır. Bu amil çox vacibdir, çünki idarəçilik səviyyəsi yüksək olduqda nəticə də göz qabağında olur".
F. İbrahimov hesab edir ki, hər bir dövlət müəssisəsinə eyni yanaşma tətbiq etmək düzgün deyil: "Məsələn, "Azərbaycan Hava Yolları"na (AZAL) da hökumət tərəfindən dəstək ayrılır. Baha biletlərə baxmayaraq, şirkət yenə dotasiyadadır. Halbuki o, öz gəlirini özü təmin etməlidir. Bu, artıq qeyri-peşəkarlığın uzun illərdir ki, istehlakçı kimi müşahidə etdiyimiz bir haldır. Yəni vəziyyət fərqlidir, differensial yanaşma tələb olunur".
İqtisadçı əlavə edib ki, bəzi sektorlar dövlət dəstəyinə mütləq şəkildə ehtiyac duyur: “Çünki maya dəyərinin yüksək olması əhalinin gəlirlərinə mənfi təsir göstərir, xərcləri artırır. Buna görə də hökumət bu fərqləri mərhələli şəkildə aradan qaldırmağa çalışır. Gələcəkdə əhalinin gəlirlərinin artması, iqtisadiyyatın şaxələnməsi və biznes mühitinin inkişafı nəticəsində bu fərqlərin azalması mümkündür".
Ekspertin fikrincə, hazırkı mərhələdə maya dəyəri ilə tarif arasındakı fərqin tam aradan qaldırılması istehlakçılar üçün böyük maliyyə yükü yaradardı: “Bu fərq var və bu da hökumətin üzərində qalır. Bəzi şirkətlər qazanc əldə edə bilmir, bəziləri isə peşəkarcasına işləyir, lakin xidmətin maya dəyərinin yüksək olması obyektiv faktdır".
Mehriban Yariyeva
12:13 29.10.2025
Oxunuş sayı: 2498