Asim Əliyevin 75 illik yubileyi Qəbələdə qeyd edilib
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qəbələnin musiqi mədəniyyətinə misilsiz xidmətləri olan incəsənət xadimi, xanəndə Asim Əliyevin 75 illik yubiley mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, yubiley tədbirində mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nümayəndələri, YAP Qəbələ rayon təşkilatının sədri, Qəbələ rayon müəssisə-təşkilat rəhbərləri və əməkdaşları, respublikanın müxtəlif regionlarından dəvət olunmuş incəsənət xadimləri və musiqiçilər, A.Əliyevin yaxınları və rayon ictimaiyyət nümayəndələri iştirak edib.
Musiqişünas, Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi, MEMİM-nin əməkdaşı Səadət Təhmirazqızının moderatorluğunda həyata keçirilən yubiley tədbirində xalq və bəstəkar mahnıları, muğam, aşıq musiqiləri, həmçinin şeirlər səsləndirilib.
Çıxış edənlər Asim Əliyevin keçdiyi sənət yolu, yaradıcılığı və muğam sənətinin incəliklərindən bəhs ediblər.
Sonda Şəki-Zaqatala RMİ-nin Qəbələ rayon üzrə nümayəndəsi Nargilə Qafarova tərəfindən xanəndəyə Fəxri Fərman və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.
23:30 28.10.2025
Oxunuş sayı: 1373