Qostrol səfəri: “Qadınım” İstanbula yola düşür
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tunçər Cücenoğlunun “Matroşka” pyesi əsasında hazırlanan “Qadınım” tamaşasını 30 oktyabrda İstanbulda nümayiş etdirəcək. Crossmedia.az xəbər verir ki, Musiqli melodram janrında səhnələşdirilən əsərin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.
Türk retro musiqilərinin canlı ifa olunduğu tamaşa sevgi və ehtiras dolu iki aşiqin hekayəsindən bəhs edir. İlk baxışdan sadə görünən bu səhnə əsəri, əslində, dərin mənalar daşıyır. Tamaşada insanların ailə və cəmiyyət içərisində özlərini tənha hiss etmələri, ömür boyu ideal sevgi və xoşbəxtlik axtarışında olmaları kimi mövzulara toxunulur. Bu axtarışların çox zaman xəyal qırıqlığı ilə nəticələnməsi tamaşanın əsas emosional xəttini təşkil edir.
Kənardan xoşbəxt ailə təsiri bağışlayan insanların əslində daxildə yaşadıqları boşluq və sükut tamaşada ustalıqla açılır. “Xoşbəxt sevgi hekayəsi, yoxsa növbəti fəlakət?” - sualına cavabı tamaşa boyu izləyicilər tapacaqlar.
“Qadınım” tamaşasında teatrın gənc aktyorları, Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili, həmçinin teatrın xor və balet heyəti iştirak edir. Əsərin plastik həlli Əməkdar artist Nigar Şahmuradovaya məxsusdur; o, həm də səhnədə aktrisa kimi çıxış edəcək.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysterı Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur. Video görüntüləri isə Murad Həsənov hazırlayıb.
Ayan Sədi
22:39 28.10.2025
Oxunuş sayı: 1222