Səssiz zərbə: STM Türkiyə ordusuna ALPAGU kamikadze dronlarını təhvil verdi
Türkiyənin müdafiə şirkəti STM Defense Technologies Türkiyə Silahlı Qüvvələri üçün ALPAGU hücum təyinatlı pilotsuz uçuş aparatlarının (kamikadze-dron) tədarükünü tamamladı.
Crossmedia.az xəbər verir ki, bu barədə "SavunmaSanayiSTcom"-un X hesabında məlumat verilib.
Xəbərdə bildirilir ki, ALPAGU əsasən kontrterror əməliyyatlarında, sərhəd keçid əməliyyatlarında və şəhər şəraitində döyüş əməliyyatlarında istifadə olunmaq üçün nəzərdə tutulub. Dronun uçuş məsafəsi 8 kilometrdir və sistem lansman qurğusu ilə yer idarəetmə stansiyasından ibarətdir. Elektrooptik və infraqırmızı kameralar sayəsində aparat gecə-gündüz fəaliyyət göstərə bilir.
Məlumatda qeyd olunur ki, ALPAGU işə salındıqdan sonra təxminən 15 dəqiqə uçur və süni intellektə əsaslanan görüntü işləmə proqramı vasitəsilə hədəfləri izləyir. Kiçik ölçüləri və aşağı effektiv səpilmə sahəsi dronu aşkarlanma ehtimalı az olan platformaya çevirir. Sistem MIL-STD-331 standartına uyğun elektron kontakt olmayan partladıcı, hədəf dəyişmə və özünü məhv etmə funksiyaları ilə təchiz edilib. Görüntü əsasında işləyən atəş idarəetmə sistemi zərbələrin dəqiqliyini təmin edir.
ALPAGU-nun daha bir mühüm xüsusiyyəti — sistemi bir nəfərin daşıya bilməsi və sahə şəraitində bir dəqiqə ərzində hazırlayıb işə salmaq imkanıdır. Xəbərdə dronun səssizliyi, partlayıcı yükü hədəfə dəqiq çatdırmaq qabiliyyəti və süni intellekt əsaslı idarəetmə imkanlarının əməliyyat üstünlüyü yaratdığı vurğulanır.
STM və ya Müdafiə Nazirliyindən əlavə rəsmi şərh hələ verilmir. SavunmaSanayiSTcom-a istinadən yayılan məlumat ordunun modernləşdirilməsi və döyüş qabiliyyətinin artırılmasına dair son addımlardan biri kimi qiymətləndirilə bilər.
Fidan Quliyeva
17:25 24.10.2025
Oxunuş sayı: 796