Finlandiyanın sabiq prezidenti Sauli Niinistö Vladimir Putinlə şəxsi söhbətlərini xatirələrində açıqlayıb
Finlandiyanın keçmiş prezidenti Sauli Niinistö (2012–2024) “Kaikki tiet turvaan” (“Bütün yollar təhlükəsizliyə aparır”) adlı memuar kitabını nəşr edib. Kitabda o, Vladimir Putinlə şəxsi ünsiyyətindən bəzi epizodları təsvir edir.
Niinistönün sözlərinə görə, Rusiya lideri tez-tez Finlandiyanın müstəqilliyi barədə istehzalı zarafatlar edirmiş. Məsələn, 2012-ci ildə Sankt-Peterburq İqtisadi Forumunda Putin 1845-ci il istehsalı olan nadir şərabı süzərkən “o vaxt bir çox şey daha yaxşı idi” deyib.
Crossmedia.az xəbər verir ki, Finlandiya prezidenti bunu ölkəsinin çar Rusiyasının tərkibində olduğu dövrə eyham kimi qəbul edib.
Putinin hədiyyələri də sual doğurub. Onların arasında İkinci Dünya müharibəsində nasist Almaniyasının müttəfiqi olmuş Mannerheimin məktublarından ibarət kolleksiya da var idi. Niinistö bu addımı “gizli bir hədə” kimi gördüyünü etiraf edib.
2022-ci ildə Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı telefon danışığında Putin bunu “səhv” adlandırıb və “heç olmasa bir az müstəqilliyi qoruyun” məsləhətini verib. Niinistö isə cavabında generalları özünün təyin edəcəyini bildirib. Putin isə buna sadəcə gülüb.
Niinistö yazır: “O, mövzunu yenidən suverenliyə gətirdi: ‘Ümid edirəm, ondan heç olmasa bir şey saxlayarsınız, axı amerikalılar hərbi komandanlığı öz üzərlərinə götürəcəklər.’ Mən cavab verdim ki, bundan sonra da generallarımı özüm təyin edəcəyəm. ‘Aha’, – deyə Putin istehza ilə cavab verdi.”
Fatimə Nəzərli
15:54 24.10.2025
Oxunuş sayı: 955