Qardaşlıqdan strateji əməkdaşlığa: Yeni geosiyasi reallıqların rəmzi kimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il oktyabrın 20-21-də Qazaxıstana etdiyi dövlət səfəri yalnız iki dost və qardaş ölkə arasında münasibətlərin növbəti səhifəsi deyil, eyni zamanda regionda formalaşan yeni geosiyasi nizamın təcəssümü oldu. Bu səfər, Azərbaycan diplomatiyasının uğurlu istiqamətlərindən biri olan türk dünyasında birliyin möhkəmləndirilməsi, Avrasiya məkanında inteqrasiya proseslərinin dərinləşdirilməsi və strateji əməkdaşlığın genişləndirilməsi baxımından mühüm hadisə kimi tarixə düşdü.
Prezident İlham Əliyev Qazaxıstana olan dövlət səfəri çərçivəsində verdiyi bəyanatda qardaş ölkənin Prezidentinə – Kasım-Jomart Tokayevə səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Dövlət başçısı vurğuladı ki, son illər Qazaxıstan müasir texnologiyaların tətbiqi, süni intellektin inkişafı və sosial-iqtisadi sahələrdə həyata keçirilən islahatlarla yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident Tokayevin müdrik rəhbərliyi nəticəsində ölkə modernləşmə və sabitlik yolunda inamla irəliləyir, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.
Prezident İlham Əliyevin bəyanatı bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstan münasibətləri sırf diplomatik əlaqələr çərçivəsində məhdudlaşmır. Bu əlaqələrin əsasında çoxəsrlik dostluq, mənəvi və mədəni yaxınlıq, ortaq türk kimliyi və qardaşlıq dayanır. Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və ədalətli mövqedə dayanıb.
Prezident İlham Əliyev mətbuata bəyanatında sülh prosesi məsələsinə də geniş toxundu. O, Qazaxıstanın Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirərək, bunun regionda sabitlik və inkişafa xidmət etdiyini qeyd etdi. Vaşinqtonda imzalanmış sülh sazişinin paraflanmasından sonra Qazaxıstanın bu prosesə ilk münasibət bildirən dövlətlərdən biri olması qardaşlığın və strateji həmrəyliyin göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin vurğuladı ki, ölkəmiz regionda sülhün və əməkdaşlığın real təminatçısına çevrilib. Ermənistanla sərhəddə iqtisadi məhdudiyyətlərin aradan qaldırılması və ilk tranzit yükünün – Qazaxıstanın Ermənistana göndərdiyi taxılın – Azərbaycan ərazisindən keçməsi bu sülhün praktik təcəssümüdür. Bu hadisə, uzun illər davam edən gərginliyin yerini iqtisadi əməkdaşlığa verdiyini göstərən mühüm tarixi hadisə kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin bəyanatında regional əməkdaşlıq və nəqliyyat-logistika sahəsindəki strateji layihələrə xüsusi diqqət ayrıldı. Prezident İlham Əliyev qeyd etdi ki, Orta Dəhliz layihəsinin reallaşdırılması, yeni nəqliyyat marşrutlarının açılması və xüsusilə Zəngəzur dəhlizinin yaradılması Avrasiya regionunda iqtisadi əlaqələrin genişlənməsinə, Asiyadan Avropaya və əks istiqamətdə yükdaşımaların artmasına gətirib çıxaracaq. Dövlət başçısı cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan ərazisində dəhlizin avtomobil və dəmir yolu hissələri gələn ilin ortalarında tam hazır olacaq və bu dəhlizin 2028-ci ilin sonuna qədər açılması gözlənilir. Əlavə olaraq, Prezident İlham Əliyev TRIPP (The Trump Route for International Peace and Prosperity) layihəsinə də toxundu. Bu layihə, Avrasiya qitəsində sülh, əməkdaşlıq və rifah üçün yeni nəqliyyat marşrutunun yaradılmasını nəzərdə tutur. Azərbaycan və Qazaxıstanın bu layihədə iştirakı regionun strateji əhəmiyyətini artırır, hər iki ölkəni beynəlxalq logistik mərkəzlərə çevirir.
Prezident İlham Əliyevin nitqində humanitar əməkdaşlıq da xüsusi yer aldı. Füzulidə Qazaxıstanın dəstəyi ilə açılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini misal gətirən dövlət başçısı cənab İlham Əliyev bildirdi ki, bu mərkəz təkcə uşaqların təhsili və yaradıcılığı üçün deyil, həm də Azərbaycan-Qazaxıstan dostluğunun canlı simvolu kimi mühüm əhəmiyyət daşıyır. Qarabağın bərpası və “Böyük Qayıdış” proqramının icrası dövründə belə layihələr iki xalq arasında sarsılmaz qardaşlıq bağlarını bir daha möhkəmləndirir.
Səfər çərçivəsində keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası və Hökumətlərarası Komissiyanın görüşü ölkələr arasında iqtisadi, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün konkret qərarlarla yadda qaldı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan-Qazaxıstan münasibətləri artıq regional səviyyədən çıxaraq qlobal miqyasda strateji əməkdaşlığa çevrilib. Bu əlaqələrin geosiyasi əhəmiyyəti ondan ibarətdir ki, iki ölkə Avrasiya qitəsinin enerji, nəqliyyat və ticarət xəritəsində aparıcı rol oynayır. Azərbaycan və Qazaxıstan həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir. Türk Dövlətləri Təşkilatında, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər platformalarda hər iki ölkə vahid mövqedən çıxış edərək türk dünyasının həmrəyliyinə, sülhə və əməkdaşlığa xidmət edir.
Prezident İlham Əliyev çıxışının sonunda Prezident Kasım-Jomart Tokayevi gələn il Azərbaycana dövlət səfərinə dəvət etdi. Bu dəvət təkcə diplomatik jest deyil, həm də qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin növbəti mərhələsinə keçidin göstəricisidir. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına olan dövlət səfəri, onun siyasi uzaqgörənliyinin, sülh və inkişaf konsepsiyasının, türk dünyasında həmrəyliyin və qarşılıqlı hörmətin bariz nümunəsidir. Bu səfər bir daha göstərdi ki, Azərbaycan diplomatiyası artıq təkcə regional deyil, qlobal miqyasda sabitliyin, əməkdaşlığın və tərəqqinin aparıcı qüvvələrindən biridir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan təkcə öz milli maraqlarını deyil, həm də regionun ümumi gələcəyini təmin edən siyasət yürüdür.

Aytəkin Əhmədova
YAP Yasamal rayon təşkilatının məsləhətçisi
11:09 24.10.2025
Oxunuş sayı: 1854