AMEA-da “Azərbaycan Respublikasında müasir konstitusionalizm və suverenliyə yeni baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Oktyabrın 14-də AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “Azərbaycan Respublikasında müasir konstitusionalizm və suverenliyə yeni baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunmuş tədbirin ölkəmizin müstəqil inkişaf yoluna, möhtəşəm Zəfərimizin tarixi və ictimai-siyasi əsaslarına, eləcə də yeni mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərə nəzər salınması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
“Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı, zəngin dövrünü yaşayır”, - deyən akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısında tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, xalqımızın xilaskarı, görkəmli dövlət xadimi Heydər Əliyev hələ sovet hakimiyyəti illərində xalqımızı Azərbaycanın gələcək müstəqilliyinə hazırlayıb. Ulu Öndərin ideyalarının işığında Azərbaycan iki onillikdə əsrə bərabər yol keçib. Hazırda Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən inamla, müdrikliklə, mütərəqqi addımlarla davam etdirilir.
AMEA rəhbəri vurğulayıb ki, 44 günlük Vətən müharibəsi ilə tarix yazan ölkəmiz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edərək dünyaya nümunə olub. Bu gün Azərbaycan dünyada öz sözünü deyən, etibarlı və dəyərli tərəfdaş kimi tanınır və dünyaya barış, ədalət, təhlükəsizlik, əməkdaşlıq, dostluq, həmrəylik təqdim edir.
Ölkəmizin diplomatik uğurlarının silsilə xarakter daşıdığını söyləyən AMEA rəhbəri vurğulayıb ki, Kopenhagen, Qəbələ və Düşənbədə keçirilən beynəlxalq tədbirlərdə iştirak edən Azərbaycan bu dəfə Yaxın Şərq Sülh Sammitinə dəvət alıb. Ölkə Prezidenti İlham Əliyev ABŞ lideri Donald Tramp və Misir dövlət başçısı Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfər edib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin sammitə dəvət olunması təsadüfi deyil. Sammitə dəvət dövlətimizin beynəlxalq siyasətdə qazandığı etimad və nüfuzun növbəti parlaq nümunəsidir. Ölkə başçısının Yaxın Şərq kimi mürəkkəb geosiyasi mühitdə keçirilən sülh sammitində iştirakı Azərbaycanın qlobal miqyasda əhəmiyyətli mövqeyini göstərir.
“Müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır”, - deyə bildirən AMEA rəhbəri qalib Azərbaycanın lideri kimi İlham Əliyevin artıq dünyada sülhün real nümunəsini təqdim edən dövlət başçısı kimi tanındığını vurğulayıb. Qeyd edib ki, İlham Əliyev apardığı müdrik xarici siyasətlə bu gün dünya liderləri içərisində ABŞ Prezidenti ilə müqayisə olunacaq şəxsiyyətdir.
Akademik İsa Həbibbəyli Azərbaycanın Konstitusiya quruluşunun tarixinə nəzər salaraq, müstəqil Azərbaycanın konstitusiya quruluşunun əsaslarının Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini söyləyib.
Ulu Öndərin ən böyük arzusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsi, doğma Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu söyləyən akademik İsa Həbibbəyli dahi liderin arzusunun artıq reallığa çevrildiyini, bu gün Azərbaycanın Dövlət Bayrağının ölkəmizin bütün ərazisində qürurla dalğalandığını bildirib.
AMEA-da “Heydər Əliyev İli” çərçivəsində dahi liderin çoxillik fəaliyyəti və ömür yolunu əks etdirən 52 fundamental kitabın çap olunduğunu xatırladan akademik İsa Həbibbəyli bu nəşrləri Azərbaycan elminin HeydərƏliyevşünaslığa mühüm töhfəsi kimi dəyərləndirib. O, hazırda AMEA əməkdaşları tərəfindən ikicildlik “Heydər Əliyev Ensiklopediyası”nın hazırlandığını və 2026-cı ildə ictimaiyyətə təqdim ediləcəyini diqqətə çatdırıb.
Çıxışının sonunda AMEA prezidenti Azərbaycan Respublikasının xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirdiyini, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq strateji hədəflərə doğru inamla irəlilədiyini bildirib.
Daha sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə “Azərbaycan milli ideyasi, dəyərlər və suverenlik” mövzusunda məruzəsini təqdim edib. O, müasir dövrdə Azərbaycan konstitusionalizminin inkişaf mərhələlərini və suverenlik anlayışına yanaşmadakı dəyişiklikləri təhlil edib.
Professor İlham Məmmədzadə qeyd edib ki, konstitusionalizm və suverenlik bir-biri ilə sıx bağlı anlayışlardır. Azərbaycanın müasir dövrdə qarşısında dayanan əsas vəzifə hüquqi dövlətin qurulması və real suverenliyin davamlı şəkildə qorunmasıdır. Məruzəçi konstitusionalizm ideyasının dövlət hakimiyyətinin hüquqla məhdudlaşdırılması və vətəndaşların əsas hüquq və azadlıqlarının təminatı kimi fundamental prinsipləri özündə ehtiva etdiyini bildirib. Əlavə edib ki, Azərbaycanda konstitusionalizm prinsiplərinin formalaşması və inkişafı müstəqillik dövrünün əsas hüquqi nailiyyətlərindən biri olaraq 1995-ci il Konstitusiyasında dövlətin hüquqi əsasları kimi müəyyən edilmiş, xalqın suverenliyi və hüququn aliliyi prinsipləri təsbit edilmişdir.
Məruzəçinin sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən sonra dövlət suverenliyinin tam bərpa olunması faktı, suverenlik anlayışına praktiki və siyasi-hüquqi səviyyədə yeni baxış imkanı yaradıb. Artıq suverenlik təkcə konstitusion norma deyil, həm də real siyasi, iqtisadi və mədəni fəaliyyətin əsas göstəricisidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və reinteqrasiya siyasəti bunun bariz nümunəsidir.
“Azərbaycan Respublikasında müasir konstitusionalizm və suverenlik anlayışları yalnız hüquqi kateqoriyalar deyil, həm də siyasi, iqtisadi və texnoloji reallıqlarla uyğunlaşan dinamik strukturlar halına gəlmişdir. Konstitusionalizmin inkişafı dövlət idarəçiliyinin demokratikləşdirilməsinə, hüquqi dövlətin gücləndirilməsinə xidmət edir. Suverenlik isə təkcə müstəqilliyin qorunması deyil, həm də milli maraqların beynəlxalq aləmdə təşviqi və müdafiəsi ilə şərtlənir. Azərbaycan bu iki əsas hüquqi-siyasi konsepsiyanı zamanın çağırışlarına uyğun şəkildə yenidən formalaşdırmaqdadır”, - deyə İlham Məmmədzadə vurğulayıb.
Sonra onlayın formatda Belarus Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru f.ü.f.d., dos. Anatoli Lazaroviç “Müasir şəraitdə Belarusun suverenitetinin təmin edilməsi”, Qazaxıstan MEA-nın fəxri akademiki, Qazaxıstanın Əməkdar elm xadimi, h.e.d. Esberqen Alauxanov “Qazaxıstan Konstitusiyası 30 ildə: Stabillik, islahat, gələcək”, “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri professor Arif Quliyev “Hərtərəfli təhsil əsl siyasi liderliyin şərti kimi”, Kiyev Əqli Mülkiyyət və Hüquq Milli Universitetinin professoru Halunko Valentin “Hərbi vəziyyət şəraitində vətəndaşların konstitusiya hüquqlarına hörmət prinsipləri: Ukrayna təcrübəsi”, Avropa Tədqiqatlar İnstitutunun elmi işçisi h.e.d. Rayko Petroviç “Fırtınalı dünya dənizində kiçik bir qayıq: Serbiyanın müasir beynəlxalq münasibətlərdə suverenliyinin saxlanılması uğrunda mübarizəsi” mövzusunda məruzələrlə çıxış ediblər.
Tədbirdə, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Suverenliyin tarixi və şərtləri”, Bakı Dövlət Universitetinin kafedra müdiri professor Rəbiyyət Aslanovanın “Konstitusionalizm və suverenitet probleminə nəzəri yanaşmaların təkamülü: klassik modeldən transformasiyalara doğru”, BDU-nun Hüquq fakültəsinin dekan müavini h.e.d. Nəsib Şükürovun “2025-ci ilin Konstitusiya və Suverenlik ili elan edilməsi hüquqi–dünyəvi dövlət quruculuğu prossesi və vətəndaş cəmiyyətinin formalaşmasının yeni mərhələsi kimi”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri professor Rəna Mirzəzadənin “Suveren Azərbaycanda birinci vitse-prezidentlik institutu”, şöbə müdiri professor Habil Qurbanovun “Suverenliyin fəlsəfi-hüquqi problemləri”, şöbə müdiri f.e.d. Füzuli Qurbanovun “Tam suverenliyin təminində siyasi suverenliyin rolu” və aparıcı elmi işçi h.ü.f.d., dos. İlham Əliyevin “Konstitusiya fəlsəfi-hüquqi əsas kimi” mövzusunda məruzələri dinlənilib.
15:14 14.10.2025
Oxunuş sayı: 1024