ABŞ Çinin iqtisadi imkanlarını müəyyən qədər məhdudlaşdırmağa çalışır- Politoloq

ABŞ–Çin ticarət münasibətlərində gərginlik yeni mərhələyə yüksəlir. Prezident Donald Tramp açıqlayıb ki, Vaşinqton Pekinə qarşı gömrük rüsumlarını 100 faiz artırmağa hazırdır və noyabrın 1-dən etibarən, yaxud ondan əvvəl, Çinin istehsal etdiyi bütün məhsullara ixrac nəzarəti tətbiq edəcək. Trampın sözlərinə görə, bu addımlar Çinin son dövrdə sərgilədiyi “aqressiv mövqe”yə cavab olaraq həyata keçirilir və uzunmüddətli ABŞ strategiyasının bir hissəsidir.
Trampın planları yalnız tarifləri artırmaqla məhdudlaşmır: ABŞ kritik proqram təminatına da ixrac nəzarəti tətbiq edəcək. Bu, Çinin texnoloji və sənaye sektorlarına ciddi təsir göstərə biləcək addım hesab olunur. Ekspertlər bildirir ki, bu cür iqtisadi sanksiyalar həm qlobal ticarət zəncirinə, həm də beynəlxalq bazarlara təsir edə bilər, xüsusilə də texnologiya və istehsal sahələrində yeni dəyişikliklərə yol açacaq.
ABŞ-nin bu qərarı, həmçinin Pekinin gələcək addımlarına bağlıdır. Tramp açıqlamasında vurğulayıb ki, tətbiq ediləcək tədbirlər Çinin davranışından asılı olaraq dəyişə bilər. Bu isə iqtisadi və geosiyasi sahədə əlavə dalğalanmalara səbəb ola biləcək qeyri-müəyyənlik yaradır.
Nəticə etibarilə, ABŞ–Çin münasibətlərində bu yeni dövr, yalnız ticarət gərginliyini deyil, həm də texnoloji və strateji sahələrdə rəqabətin kəskinləşməsini işarə edir. Bu addımlar dünya iqtisadiyyatı və beynəlxalq ticarət üçün kritik məqam hesab olunur.
Məsələ ilə bağlı politoloq Samir Hümbətov fikirlərini Crossmedia.az-la bölüşüb:
"ABŞ tərəfi uzun müddətdir planlayır ki, Çinə qarşı sanksiyaları və gömrük rüsumlarını artırsın. Bu planlar artıq uzun müddətdir mövcuddur. Lakin onları həyata keçirmək üçün bəzi fürsətlər lazım idi. İndi həmin fürsət ABŞ-nin əlindədir və görünən odur ki, ABŞ Çinin iqtisadi imkanlarını müəyyən qədər məhdudlaşdırmağa çalışır.
Lakin düşünmürəm ki, ABŞ yüz faiz gömrük rüsumları tətbiq etsə belə, bu, gözlənilən nəticəni verəcək. Çünki Çin artıq çox ciddi və şaxələnmiş iqtisadi əlaqələr qurub. Bu vəziyyətdə ABŞ-ın tətbiq edəcəyi rüsumlar Çinin fəaliyyətini ciddi şəkildə məhdudlaşdıra bilməyəcək. Çinin iqtisadi əlaqələrinin çoxşaxəliliyi səbəbindən bu məsələ hələlik aydın deyil və gözlənilən nəticəni verməyəcəyi ehtimal olunur"- deyə o əlavə edib.
Elmir Heydərli
18:48 11.10.2025
Oxunuş sayı: 2034