ABŞ Çinə meydan oxudu: Müharibəyə hazırıq

Müasir beynəlxalq münasibətlər sistemində iqtisadi amillər, xüsusilə də ticarət siyasəti dövlətlərarası əlaqələrin əsas istiqamətlərindən birinə çevrilmişdir. Qlobal iqtisadiyyatın iki əsas dayağı hesab olunan Amerika Birləşmiş Ştatları və Çin Xalq Respublikası arasındakı münasibətlər isə bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Son illərdə tərəflər arasında baş verən gərginliklər, qarşılıqlı tarif artımları və iqtisadi məhdudiyyətlər dünya bazarlarında qeyri-müəyyənlik mühiti formalaşdırmışdır.
Rəsmi Vaşinqtonun son bəyanatları bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qririn “Fox News” telekanalına verdiyi müsahibə bu prosesin ən son təzahürlərindən biri kimi qiymətləndirilir. O, çıxışı zamanı bildirib ki, Amerika Birləşmiş Ştatları Çinlə ticarət müharibəsinə başlamaq niyyətində olmasa da, zərurət yaranacağı təqdirdə belə bir qarşıdurmaya tam hazırdır. Qririn sözlərinə görə, hazırda hər iki tərəf öz mövqeləri üzərində işləyir və yaxın günlərdə dialoq vasitəsilə irəliləyiş üçün real imkanların olub-olmadığını müəyyənləşdirməyə çalışır.
Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın 1 noyabr tarixindən etibarən Çinə tətbiq olunan tarifləri 100 faiz artırmaq niyyətində olduğunu bəyan etməsi vəziyyətin ciddiliyini daha da artırmışdır. Bu açıqlama yalnız iki ölkə arasındakı iqtisadi münasibətlərə deyil, həm də qlobal ticarət sisteminə mühüm təsir göstərə biləcək amil kimi dəyərləndirilir. ABŞ-Çin münasibətlərində yaranan bu gərginlik, dünya iqtisadiyyatının sabitliyinə və beynəlxalq bazarların inkişaf dinamikasına birbaşa təsir edə biləcək potensiala malikdir.
Beləliklə, yaranmış vəziyyət beynəlxalq ictimaiyyət üçün ciddi maraq doğurur. Çünki Vaşinqton və Pekin arasında baş verə biləcək hər hansı ticarət münaqişəsi, yalnız iki ölkə arasında deyil, həm də bütün qlobal iqtisadi sistemdə yeni güc balansının formalaşmasına səbəb ola bilər. Bu baxımdan, mövcud proseslərin izlənilməsi, tərəflərin mövqelərinin təhlili və mümkün ssenarilərin qiymətləndirilməsi beynəlxalq iqtisadi münasibətlərin gələcək istiqamətini anlamaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə Crossmedia.az-a açıqlama verib:
"ABŞ-Çin münasibətlərinə nəzər saldıqda görürük ki, bu olduqca böyük, astronomik səviyyədə bir rəqəmdir. Bu göstərici təxminən 700–800 milyard dollar civarındadır. Bu isə o deməkdir ki, bu həcmin təxminən yarısı ABŞ şirkətləri tərəfindən Çindən alınan məhsullar, digər yarısı isə Çin şirkətləri tərəfindən ABŞ-dən idxal olunan məhsullar hesabına formalaşır. Təsəvvür edin ki, bu həcmdə ticarət əlaqələrinə əlavə tariflər tətbiq olunsa və ticarət müharibəsi başlasa, bu, həm Çin, həm də ABŞ iqtisadiyyatına ciddi zərbə vura bilər. Bundan əlavə, hər iki ölkənin şirkətləri tərəfindən istehsal olunan məhsullar dünya ticarət sistemində mühüm yer tutur. Bu səbəbdən də, belə bir qarşıdurma zəncirvari təsir yaradaraq qlobal iqtisadiyyata mənfi təsir göstərə bilər.
İlk növbədə, əlbəttə ki, həm ABŞ, həm də Çin iqtisadiyyatı zərər çəkəcək. Bəs ABŞ buna hazırdırmı? Düşünmürəm.
Doğrudur, Donald Tramp sərt və təsirli addımların tərəfdarı kimi çıxış edir. Lakin ABŞ-nin biznes dairələri, o cümlədən Trampın öz biznes tərəfdaşları belə addımların atılmasının əleyhinədir. Digər tərəfdən, ABŞ iqtisadiyyatının bu müharibənin öhdəsindən nə dərəcədə gələ biləcəyi sual altındadır. Şübhəsiz ki, belə bir müharibə Çinə də mənfi təsir göstərəcək".
Onun sözlərinə görə Çin ABŞ-dən fərqli olaraq iri iqtisadiyyatlara sanksiyalar tətbiq etmir: "ABŞ isə, əksinə, bir sıra aparıcı, xüsusilə də xammal istehsal edən ölkələrə qarşı sanksiyalar tətbiq etməklə öz hərəkət imkanlarını məhdudlaşdırıb. Çin belə bir məhdudiyyət siyasəti yürütmədiyi üçün, müharibə başlasa, müəyyən üstünlüyü qazanmaq ehtimalı daha yüksəkdir.
Ona görə də ABŞ rəhbərliyinin “müharibəyə hazırıq” bəyanatlarını daha çox ritorik gediş kimi qiymətləndirmək olar. Hazırkı mərhələdə bu bəyanatları real təhlükə kimi qəbul etmək düzgün olmaz.
Bununla belə, bu açıqlamalar müəyyən mənada siqnal xarakteri daşıyır. Əgər yaxın gələcəkdə bu istiqamətdə konkret addımlar atılmağa başlasa – tammiqyaslı ticarət müharibəsi olmasa belə, az miqdarda tariflərin tətbiqi belə – artıq həm ABŞ, həm Çin, həm də dünya ticarət sistemi üçün mənfi proseslərin başlanğıcı ola bilər".
Politoloq, həmçinin bütün bunları nəzərə alaraq ABŞ rəhbərliyinin bütün riskləri və nəticələri ciddi şəkildə qiymətləndirdiyini o ,bildirib: "ABŞ bu istiqamətdə hər hansı qərarı ehtiyatla verəcək".
Elmir Heydərli
13:44 11.10.2025
Oxunuş sayı: 2276