BDU-nun rektoru: Elmi nəticələrin praktik həllərə çevrilməsi universitetin əsas hədəflərindəndir

Elm
və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə
Bakıda keçirilən “Times Higher Education (THE) Avrasiya Universitetlərinin
Sammiti” çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev
“Avrasiya universitetləri elmi regional inkişafın mühərrikinə necə çevirə bilər?”
mövzusunda keçirilən panelin spikerlərindən biri qismində çıxış edib.
BDU-dan Crossmedia.az-a bildirilir ki, sammitin ümumi mövzusu
olan “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” çərçivəsində təşkil
edilən paneldə elmin və innovasiyaların dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin
qurulmasında oynadığı həlledici rolu müzakirə edilib.
Çıxışında BDU-nun rektoru universitetin
elmi-tədqiqat strategiyasını regional və milli inkişaf prioritetlərinə
uyğunlaşdırmaq istiqamətində atdığı addımları diqqətə çatdırıb. O qeyd edib ki,
elmi nəticələrin praktik həllərə çevrilməsi, o cümlədən iqlim dəyişikliyi,
ictimai sağlamlıq, texnoloji dəyişikliklər və sosial-iqtisadi bərabərsizlik
kimi qlobal problemlərə cavab verilməsi universitetin əsas hədəflərindəndir.
Bununla yanaşı, o, regional tərəfdaşlıqların gücləndirilməsinin, universitetlər
arasında beynəlxalq əməkdaşlığın innovasiya və potensialın artırılmasında mühüm
rol oynadığını vurğulayıb. Rektor həmçinin tələbə-tədqiqatçıların təşəbbüslərinin
dəstəklənməsinin onların Avrasiyanın bilik iqtisadiyyatında transmilli tədqiqatçılar
kimi formalaşmasına şərait yaratdığını bildirib. O əlavə edib ki, Dayanıqlı
İnkişaf Məqsədlərinə uyğun olaraq təhsil və elmdə davamlılığın təşviqi də
BDU-nun fəaliyyətində prioritet istiqamətlərdən biridir.
Rektor, həmçinin vurğulayıb ki,
BDU-nun beynəlxalq elmi əməkdaşlıqlarda və qlobal akademik şəbəkələrdə fəal
iştirakı Azərbaycanın elm, təhsil və innovasiya mərkəzi kimi mövqeyini gücləndirir.
Paneldə Qazaxıstanın Nazarbayev
Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri də
uğurlu elmi inkişaf modellərini təqdim ediblər. Müzakirələrdə tədqiqatların
praktik, miqyaslana bilən həllərə çevrilməsi və regional tərəqqiyə birbaşa töhfə
verməsinin vacibliyi vurğulanıb.
BDU-nun bu nüfuzlu sammitdə həm
stendlə təmsil olunması, həm də rektorun panel spikeri kimi iştirakı
universitetin beynəlxalq nüfuzunun artması, Avrasiya ali təhsil məkanında lider
mövqeyinin güclənməsi və elmin regional sosial-iqtisadi inkişafa töhfəsinin
daha da genişlənməsi istiqamətində mühüm addımdır.
19:05 24.09.2025
Oxunuş sayı: 1253