Azərbaycan-BƏƏ iqtisadi əməkdaşlığında yeni mərhələ: Birgə biznes şurası təsis olunur

Dünya iqtisadiyyatı və Azərbaycan
(Layihənin müəllifi Rüfət Quliyevdir)
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyulub. İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyası arasında imzalanmış Anlaşma Memorandumu əsasında Azərbaycan-BƏƏ Birgə Biznes Şurası təsis olunub.
Bu şuranın yaradılmasında əsas məqsəd iki ölkənin biznes dairələri arasında əməkdaşlığı gücləndirmək, ticarət, investisiya və sənaye sahələrində əlaqələri genişləndirməkdir. Yeni platforma iş adamlarına qarşılıqlı investisiya imkanlarının araşdırılması, birgə layihələrin reallaşdırılması və ixrac potensialının artırılması üçün mühüm imkanlar təqdim edir.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bildirib ki, bu biznes şurasının yaradılması Azərbaycanın xarici, iqtisadi və maliyyə siyasətinin həm güclənməsi, həm də daha çox diversifikasiyası inkişafının bariz nümunəsidir: "Getdikcə iki ölkə arasında münasibətlər daha sıx olacaq. İki ölkə arasında layihələr həyata keçirilməsi, beynəlxalq layihələrin icrası, ikitərəfli investisiyaların sayının, həcminin, keyfiyyətinin artması və təbii ki, sahibkarların maraqlarının təmin olunması nəzərdə tutulur".
Siyasətçinin sözlərinə görə, maraqlı məqamlardan biri odur ki, bu iş Azərbaycan tərəfindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə tapşırılıb: "Bu isə kiçik və orta biznesin maraqlarının ön planda olacağına işarədir. Biz Azərbaycan olaraq çalışırıq ki, bütün ölkələrlə ticarət, iqtisadi və maliyyə münasibətlərini artıraq. Bu, bizim üçün və təbii ki, qarşılıqlı formada hamı üçün — insanlar üçün, sahibkarlar üçün, hətta dövlətlərin özü üçün də maraqlıdır. Burada tək maliyyə söhbətləri getmir, sözügedən qurum həm də koordinasiya edə biləcək. Koordinasiya funksiyası çox maraqlıdır və çox vacibdir. Tədbirlər keçiriləcək, yəni proqram çox genişdir, çox maraqlıdır, çox ömürlüdür və iki ölkənin iqtisadiyyatına böyük töhfələr verməsi gözlənilir".
Onun fikrincə, bu təşəbbüs Azərbaycanın xarici iqtisadi siyasətinin ana xəttini təşkil edir:
"Uzun illərdir ki, Azərbaycan Ərəb ölkələri ilə, o cümlədən bütün növ münasibətləri möhkəmləndirir və inkişaf etdirir. Düşünürəm ki, əgər Ərəb Əmirlikləri Azərbaycanla bu formada münasibətlər qurarlarsa, digər körfəz ölkələri də Azərbaycanla bu formada münasibətlər qurmaq istəyəcəklər. Burada hamı udur: ticarət də udur, maliyyə də udur, əsas odur ki, sahibkarlar udur. Bu siyasət bizim üçün çox vacibdir".
Mehriban Yariyeva
21:47 18.09.2025
Oxunuş sayı: 1388
