Auditorlar Palatası Şurasının növbəti iclasında auditin aktual problemləri müzakirə edilib

Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə auditin aktual problemləri, o cümlədən, cari ilin I yarımilliyi ərzində auditor xidmətinin inkişaf meyilləri, yaşıl iqtisadiyyat şəraitində maliyyə nəzarəti və auditin həyata keçirilməsi prosedurları, müasir şəraitdə daxili auditin vəziyyəti və onun yaxşılaşdırılması yolları müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
Qeyd olunub ki, bu ilin I yarımilində sifarişçi təsərrüfat subyektlərinə göstərilən auditor xidmətlərinin həcmi 12,4 faiz, bağlanılan müqavilələrin ümumi sayı isə 12,8 faiz artıb. 2025-ci ilin I yarımilliyi ərzində yerinə yetirilmiş 3521 müqavilədən 2387-nin məcburi (67,8 faiz), 1134-nün (32,2 faiz) isə könüllü audit üzrə bağlanıldığı vurğulanıb.
Palata Şurasının müvafiq qərarı ilə auditor təşkilatlarının rəhbərlərinə və sərbəst auditorlara Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin tələblərinə uyğun olaraq keyfiyyətli auditor xidmətlərinin göstərilməsi, öz fəaliyyətlərində şəffaflığın yüksəldilməsi, haqsız rəqabət və dempinq hallarına yol verilməməsi tapşırılıb. Daha sonra yaşıl iqtisadiyyat şəraitində maliyyə nəzarəti və auditin həyata keçirilməsi prosedurları barədə hazırlanmış material müzakirə edilib. Dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat şəraitində müəssisələrin fəaliyyətinin davamlılığın təmin edilməsində maliyyə hesabatları ilə yanaşı, qeyri-maliyyə, ekoloji və ətraf mühitə dair hesabatların hazırlanmasının, iqtisadi resurslardan daha səmərəli istifadənin və ekoloji risklərin qiymətləndirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb və bu sahədə təsərrüfat subyektləri ilə yanaşı auditorların üzərinə düşən vəzifələr qeyd edilib.
İclasın gündəliyindəki digər məsələ - daxili auditin aparılması üzrə qeyd edilib ki, beynəlxalq təcrübəyə əsaslanan daxili audit fəaliyyətinin təşkili və həyata keçirilməsi, o cümlədən, onun nəticələrinin qiymətləndirilməsi və icra intizamına nəzarət mexanizminin yaradılması ölkəmizdə öz həllini gözləyən və şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizədə mühüm rola malik daxili auditin təkmilləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
19:09 18.09.2025
Oxunuş sayı: 758