Azərbaycan Avrasiyada "yaşıl" birgə maliyyələşdirmə üzrə aparıcı ölkələr sırasında yer alır

Azərbaycan 2022–2024-cü illərdə Avrasiyada “yaşıl” birgə maliyyələşdirmə üzrə aparıcı ölkələr sırasında yer alır.
Crossmedia.az bu barədə Avrasiya İnkişaf Bankına istinadən məlumat verir.
Bankın hesabatına əsasən, Avrasiya regionunda birgə maliyyələşdirmə həcmi 2008-2024-cü illərdə 13,9 milyard dollar təşkil edib. Beynəlxalq maliyyə təşkilatlarının orta illik birgə maliyyələşdirmə həcmi isə 33% - 2008-2010-cu illərdə 1,2 milyard dollar olduğu halda, 2022-2024-cü illərdə 0,8 milyard dollara qədər azalıb.
“Bu, əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyələşdirməsinin azalması ilə bağlıdır. Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və Asiya İnkişaf Bankı (AİB) isə ortaillik birgə maliyyələşdirmə həcmlərini artırıblar. 2022–2024-cü illərdə birgə maliyyələşdirmə əsasən Özbəkistan, Azərbaycan və Qazaxıstanda bərpaolunan enerji sahəsinə, həmçinin Monqolustan və Özbəkistanda maliyyə sektoruna yönəldilib”,- hesabatda bildirilir.
AİB-in məlumatına görə, 2022–2024-cü illərdə bərpaolunan enerji sektoruna ən böyük investisiya AYİB tərəfindən (1,4 milyard dollar və ya 47 faiz), BMK tərəfindən (426 milyon dollar və ya 14 faiz), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) tərəfindən isə (385 milyon dollar və ya 13 faiz) təsdiqlənib. Qəbul edən ölkələr: Özbəkistan (1,8 milyard dollar), Azərbaycan (675 milyon dollar) və Qazaxıstan (280 milyon dollar).
“Bərpaolunan enerji üzrə ən iri layihə 2024-cü ildə BMK tərəfindən Özbəkistanın “International Company for Water and Power Projects” şirkətinə təsdiqlənmiş 228 milyon dollarlıq investisiya kreditidir. Layihə 500 MVt gücə malik günəş fotoelektrik stansiyasının və enerji saxlama üçün akkumulyator batareyaları sisteminin tikintisini nəzərdə tutur”,- hesabatda qeyd olunub.
15:30 18.09.2025
Oxunuş sayı: 999