Netanyahunun qeyri-adekvat fəaliyyəti sionizmin ifşasına səbəb oldu — Əli Zülfqaroğlu

İsrail ordusu Qəzza şəhərinə genişmiqyaslı hücuma başlayıb. Ordunun məqsədi şəhərə nəzarəti ələ almaq və HƏMAS-ı zolaqdan çıxarmaqdır. Qəzza boyu güclü partlayış səsləri eşidilir, yüz minlərlə sakin isə humanitar zonalara köçürülüb.
“İsrailin Qəzzaya hücumu regionun sabitliyinə necə təsir göstərəcək?”
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Crossmedia.az-a açıqlamasında bildirdi ki, İsrail Qəzzaya hücumla son illər özü üçün hazırladığı bataqlığı daha da dərinləşdirəcək.
Onun fikrincə, İsrail yenə də hava və artilleriya zərbələrinə üstünlük verir ki, bu da real mənzərəni anlamaq üçün yetərlidir: “Son əməliyyatlar zamanı İsrail ordusu 100 əsgərini itirdi. Yəni, Qəzzada quru əməliyyatları aparmaq İsrail üçün arzuolunmaz nəticələr yaradır. Quru əməliyyatları aparmadan isə HƏMAS-ın məğlub edilməsi mümkünsüzdür. Hava və artilleriya zərbələri ilə yerin altında fəaliyyət göstərən HƏMAS-ı necə məğlub etmək olar? Digər tərəfdən, HƏMAS Qəzzada İsrail ordusu üçün sürprizlər hazırlayıb. İsrail də bunu bildiyi və bu günə qədər dəfələrlə gözlənilməz hallarla qarşılaşdığı üçün quru əməliyyatlarından çəkinir. Yəni hazırda İsrail dövlət ağlı ilə hərəkət etmir”.
Əli Zülfüqaroğlu bildirib ki, Netanyahunun qeyri-adekvat fəaliyyəti, dövlət ağlı ilə deyil, hikkə ilə hərəkət etməsi və dövlət maraqlarını siyasi ambisiyalarına qurban verməsi sionizmin ifşa olunmasına və beynəlxalq ictimai rəyin İsrail əleyhinə yönəlməsinə gətirib çıxardı: “Bu isə Fələstin dövlətinin yaradılması üçün dönüş nöqtəsidir. Artıq İsrailin nəinki ‘soyqırım məsumluğu’ bitdi, ümumiyyətlə İsrailin özünün Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən soyqırımda ittiham olunması perspektivi yarandı”.
Siyasi şərhçi diqqətə çatdırıb ki, Netanyahunun yanlış siyasəti ucbatından müttəfiq ölkələr belə İsrailə dəstək verməkdən çəkinirlər, eyni zamanda İsrail əleyhinə bəyanatlar verməyə məcbur olurlar: “Birləşmiş Ştatlarda isə Tramp hökuməti sionist lobbinin təzyiqlərindən yayınmaq üçün ABŞ-ın maraqlarına vurulan zərbələrə baxmayaraq, Netanyahunun hərəkətlərinə göz yummaq məcburiyyətində qalır. Eyni zamanda tarixdə ilk dəfə müxtəlif ərəb dövlətləri İsrailə qarşı sərt bəyanatlar verirlər. Misir isə açıq şəkildə bildirib ki, Misir ərazisində HƏMAS üzvlərinə hücum olacağı halda, bunu müharibə səbəbi kimi qəbul edəcək və cavabsız qalmayacaq. Halbuki Misir prezidenti Sisi ABŞ və İsrailin dəstəyi ilə Mursini devirərək hakimiyyətə gəlib. Təbii ki, bölgədə ərəb dövlətlərinin İsrailə qarşı addım atmaq cəhdlərinin arxasında Türkiyənin uzun illər ərzində bu istiqamətdə apardığı siyasət dayanır.
Bütün bunlar isə onu deməyə əsas verir ki, İsrailin Qəzzaya növbəti hücumu Təl-Əvivə heç nə qazandırmayacaq, əksinə fiasko ilə nəticələnəcək. Necə ki, Qətərə hücum fiasko ilə nəticələndi, bu da təsadüfi deyil. Ona görə də, İsrailin bölgəni xaosa sürükləmək cəhdləri alınmayacaq və bu addımlar Netanyahu hökumətini xilas etməyəcək. Çünki artıq bütün dünya nəyin baş verdiyinin fərqindədir.”
Nicat Rüstəmzadə
12:09 16.09.2025
Oxunuş sayı: 655