"Neft qiymətlərinin büdcəmizə risk dərəcəsini azaltmaq üçün ilk növbədə..."- Ekspert

“OPEC+” çərçivəsində fəaliyyət göstərən “səkkiz”lik ölkələri oktyabr ayı üçün mühüm qərar qəbul ediblər. Onlar neft hasilatının gündəlik 137 min barel artırılması barədə razılığa gəliblər. Qlobal iqtisadiyyatın sabit perspektivi və aşağı neft ehtiyatlarında əks olunan əlverişli bazar əsasları səbəbindən səkkiz iştirakçı ölkə hasilatı 2023-cü ilin aprelində elan edilmiş gündəlik 1,65 milyon barellə müqayisədə gündəlik 137 min barel tənzimləmək qərarına gəlib. Bu addım dünya enerji bazarında qiymətlərin tənzimlənməsi və təklif-tələb balansının qorunması baxımından əhəmiyyətli hesab olunur. Bəs neft qiymətində artım müşahidə edilə bilərmi?
Mövzu ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Crossmedia.az-a açıqlama verib:
“OPEC+-ın oktyabr ayından gündəlik hasilatı 137 min barel artırmaq qərarı əslində texniki xarakter daşıyır və “təklifin bazar ehtiyacına uyğunlaşdırılması” çərçivəsində qəbul olunub. Burada bir neçə məqam var:OPEC+ mexanizmi – iyulda qəbul olunmuş plan əsasında hər ay hasilat təxminən 400 min barel/gün artırılmalı idi. Amma faktiki olaraq bəzi ölkələr (xüsusilə də Rusiya, Qazaxıstan, Nigeriya və Anqola) tam kvotalarını yerinə yetirə bilmirlər. Ona görə də real artım kağız üzərində nəzərdə tutulandan daha az olur. Sizin dediyiniz 137 min barel/gün rəqəmi, məhz texniki düzəlişdir – yəni ümumi artımın bölgüsündə olan paya uyğunlaşdırma”.
Ekspert həmçinin qeyd edib ki, hazırda Brent sentyabrın əvvəlində olan 66–68 $/barel səviyyəsindəki qiymət diapazonunda ticarət edilir: "Qiymətləri ciddi şəkildə 60–65 $ diapazonuna enməsi üçün qlobal bazarda neftə tələb artımı azalmağa meylli olmalıdır: məsələn, ABŞ və Çində iqtisadi aktivliyin azalması, yüksək faiz dərəcələrinin təsiri və s. Azərbaycana təsirlərə gəldikdə isə, cari ilin I yarısında ixrac neftimizin orta qiyməti Maliyyə Nazirliyinin hesablamalarına əsasən $73,8 təşkil edib. Bu isə dövlət büdcəsində proqnoz edilən göstəricini 5-6% üstələyib. İlin ikinci yarısında qiymət hazırkı göstəricilər ətrafında olarsa, faktiki olaraq büdcədəki proqnoz və ya ona yaxın qiymətdə bərqərar olacaq. Bu isə o deməkdir ki, dövlət bu il üçün qarşısına qoyduğu məsələləri həll etməklə bağlı hansısa əlavə maliyyə borclanmasına getməyəcək. Bununla belə, qlobal bazarda neft qiymətlərinin büdcəmizə risk dərəcəsini azaltmaq üçün ilk növbədə büdcə vəsaitləri daha rasional xərclənməli və iqtisadiyyatın qeyri-neft sektorlarının inkişaf tempi artırılmalıdır”.
Ayhan
15:11 08.09.2025
Oxunuş sayı: 1600