Pakistanda hərbi obyektə terror hücumu: yaralılar var

Pakistanın Xayber-Paxtunxva əyalətinin Bannu rayonunda sərhəd qoşunlarına məxsus hərbi obyektə partlayıcı yüklənmiş avtomobildən istifadə olunaraq terror hücumu edilib.
Crossmedia.az "Anadolu"ya istinadən xəbər verir ki, partlayışdan sonra ərazidə ardıcıl güclü partlayışlar baş verib, həmçinin intensiv atışma səsləri eşidilib.
Bildirilir ki, bəzi silahlılar hərbi obyektin ərazisinə daxil ola biliblər. Hazırda təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və antiterror əməliyyatı aparılır.
Polis təsdiqləyib ki, hücum nəticəsində üç təhlükəsizlik əməkdaşı yaralanıb, hücum edənlərdən bəziləri isə zərərsizləşdirilib.
Sərhəd qoşunlarına məxsus hərbi obyektin ətrafında təhlükəsizliyin təmin olunması məqsədilə kordon qurulub.
Yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərinə əməliyyat başa çatana qədər evlərindən çıxmamaları barədə ciddi xəbərdarlıq edilib.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış o qədər güclü olub ki, partladılan avtomobilin qalıqları Kohat şosesi boyunca səpələnib.
Niyaz Hacıyev
14:58 02.09.2025
Oxunuş sayı: 1125