Azərbaycanın Suriya ilə bağlı strateji fikirləri var: İkitərəfli əməkdaşlıq güclənir

Dünya iqtisadiyyatı və Azərbaycan (Layihənin müəllifi Rüfət Quliyevdir)
Azərbaycan və Suriya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı davam edir. Son günlərdə Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya Ərəb Respublikasının energetika nazirinin köməkçisi Qiyas Diyabla görüşərək, xüsusilə energetika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu addım regional enerji təhlükəsizliyinin gücləndirilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bildirib ki, Azərbaycanın Suriya ilə bağlı strateji fikirləri var : "Bu, qarşılıqlıdır. Bu, qazla bağlı atılan ilk addımdır və əməliyyatda qardaş Türkiyə də iştirak edib. Bu, Azərbaycan və Türkiyə üçün Asiyada ən qaynar nöqtələrdən birində atılmış ən böyük addımdır. Məqsədimiz təkcə Suriyanı qazla təmin etmək deyil, həm də regionda maraq göstərən digər ölkələrə də qaz çatdırmaqdır. Artıq 13-cü ölkə Azərbaycandan qaz alır. Bu, onu göstərir ki, biz yalnız Avropaya deyil, Asiyaya da strateji addımlar atır, maraqlı regionlarla əlaqələr qururuq."
Professor qeyd edib ki, bu layihə Azərbaycanın iqtisadi qüdrətini və siyasi dəstəyini daha da gücləndirir:
"Bu, böyük bir beynəlxalq layihədir. Bu gün yalnız Suriya görünür, amma gələcəkdə bu siyasətin nəticəsində regiondakı bir çox ölkələrlə də əlaqələr quracağıq. İki il öncə kim deyərdi ki, Azərbaycanın Suriya ilə belə sıx əlaqəsi olacaq? Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Azərbaycana gələndə burada böyük hörmətlə qarşılanmışdı, amma 44 günlük müharibədən öncə Suriyanın rəhbəri Azərbaycanı dəstəkləmirdi və ermənilərlə sıx əlaqə qurmuşdu. Buna baxmayaraq, Azərbaycanın müdrik və praqmatik siyasəti nəticəsində bu gün yeni, hətta strateji tərəfdaş qazandıq. Dünyada böyük dəyişikliklər baş verdi, amma indiki Suriyanın iqtidarı Azərbaycanla kifayət qədər güclü diplomatik, siyasi və iqtisadi münasibətlər qurur."
Mehriban Yariyeva
12:53 26.08.2025
Oxunuş sayı: 1194
