Netanyahu dayanmır: "İsrail HƏMAS-la bağlı yeni əməliyyatlara hazırlanır"

İsrailin baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında bildirib ki, Qəzza zolağında radikal HAMAS hərəkatı darmadağın edilmədən atəşkəsin elan olunması Fələstin anklavında "sonsuz müharibəyə" səbəb olacaq.
“Bu gün HAMAS-ın darmadağın olunmadan müharibənin dayandırılmasına çağıranlar təkcə HAMAS-ın mövqeyini gücləndirmir və girovların azad edilməsini uzaqlaşdırmır, həm də 2023-cü il 7 oktyabr vəhşiliklərinin təkrar-təkrar baş verəcəyinə zəmanət verir”, – deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, bu halda İsrail hərbçiləri “dəfələrlə döyüşməyə məcbur olacaq və bu da sonsuz müharibə” deməkdir.
Baş nazir əlavə edib ki, “Qəzza zolağında daimi İsrailin təhlükəsizlik nəzarəti” müharibənin dayandırılması üçün şərtlərdən yalnız biridir və HAMAS bunları qəbul etmir. “Biz yalnız HAMAS-ın tərksilah olunmasında israr etmirik, həm də İsrailin uzunmüddətli perspektivdə bölgənin demilitarizasiyasını təmin etməsi, silahlanma cəhdlərinə və hər hansı terrorçu qruplaşmanın yenidən təşkilatlanmasına qarşı daim fəaliyyət göstərməsində israr edirik”, – deyə o davam edib.
Netanyahunun sözlərinə görə, HAMAS tam əksini tələb edir, İsrailin bütövlükdə sektordan – onun şimal və cənub hissələrindən, qaçaqmalçılığın qarşısını alan Filadelfiya dəhlizindən, İsrail yaşayış məntəqələrini qoruyan təhlükəsizlik zonasından çıxmasını istəyir. “Beləliklə, HAMAS yenidən qruplaşa, silahlanaraq yenidən bizə hücum edə biləcək”, – deyə baş nazir vurğulayıb. – “Ona görə də girovların azad olunmasını sürətləndirmək və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək üçün biz başladığımızı başa çatdırmalı və HAMAS-ı darmadağın etməliyik”. “Məhz belə qərar keçən həftə kabinet tərəfindən qəbul olunub”, – deyə Netanyahu fikrini yekunlaşdırıb və İsrailin “bu qərarı həyata keçirməkdə qətiyyətli” olduğunu bildirib.
Əslində bu İsrailin bu şərtləri çoxdan məlumdur. Rəsmi Təl- Əviv konkret olaraq deyir ki, müharibənin bitməsi üçün HƏMAS ləğv olunmalıdır. Bu isə müharibənin yaxın zamanda başa çatmaması anlamına gəlir.
Netanyahunun səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a danışan politoloq, professor Əlimusa İbrahimov bildirib ki, əslində İsrail HƏMAS-la bağlı yeni əməliyyatlara hazırlanır: “Netanyahunun məqsədi budur ki, Qəzzanı tamamilə tutsun və bunun vasitəsilə HƏMAS-ı ləğv etsin, orada öz istədiyi şəraiti qursun. Amma buna nail olub-olmayacağı böyük sual altındadır. HƏMAS-ın İsrailə hücumunun artıq 2 ili tamam olur. Bu müddət ərzində İsrail yalnız HƏMAS-a qarşı mübarizə aparmayıb, əslində müharibə aparır. ABŞ-ın və digər tərəfdaşların dəstəyi ilə İsrail təxminən 30 minlik HƏMAS ordusuna qarşı hərəkət edir. Amma hələ də HƏMAS-ı tamamilə Qəzzadan çıxara bilməyiblər və qısa müddətdə bunu etmək çətindir. İsrail ciddi şəkildə inanır ki, HƏMAS-ı məhv edə bilər. Amma mütəxəssislərin fikrincə, HƏMAS-ı tamamilə bitirmək mümkün deyil. HƏMAS yalnız ordu, silahlar və simpatizanlardan ibarət deyil, eyni zamanda ideyadır. Bu ideyanı yalnız ordu və silah vasitəsilə aradan qaldırmaq mümkün deyil”.
Professor bildirib ki, İsrail Qəzzanı işğal edə və insanların yaşaya bilməyəcəyi şərait yarada bilər, amma ideya kimi HƏMAS-ı ləğv edə bilməyəcək. “İsrailin HƏMAS-a və oradakı Fələstinlilərə qarşı atdığı addımlar gələcəkdə özlərinə də qayıdacaq. Bu addımlar yalnız HƏMAS-ı sakitləşdirmir, əksinə Fələstin azadlıq hərəkatını daha da gücləndirir. Netenyahu bu gün HƏMAS-a qarşı total müharibə aparmaqda ABŞ-a arxalanır. Xüsusilə Ağ Ev rəhbəri Donald Trampın razılığının alındığı bəyanatlar buna işarədir. Əgər ABŞ ona lazım olan dəstəyi versə, müəyyən qədər məqsədlərinə nail ola bilər. Amma hesab etmirəm ki, ABŞ onu tam azad buraxsın. Günlərin birində ABŞ dəstəyi azalda və ya dünya ölkələrinin təzyiqi nəticəsində Netenyahunu geri çəkə bilər”.
Ə.İbrahimov hesab edir ki, Netenyahu nə qısa, nə də uzun müddətdə HƏMAS-ı tamamilə darmadağın etmək imkanına malik deyil: "Digər tərəfdən, İsraildə də Netenyahunun siyasətinə, Qəzzanı tamamilə tabe etdirmək fikrinə qarşı çıxanlar var. Bu gün İsraildə ciddi nümayişlər baş verir ki, bu da Netenyahunu geri saxlayan amillərdən biridir”.
Mehriban Yariyeva
14:22 18.08.2025
Oxunuş sayı: 1095