Stokholmdakı Azərbaycan diasporu böyük qazax şairi Abay Kunanbayevin yubiley tədbirində iştirak edib




İsveçin paytaxtı Stokholm şəhərində böyük qazax şairi, filosofu, xalq maarifçisi, qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin 180 illik yubileyinə həsr olunmuş gecə keçirilib.
Crossmedia.az xəbər verir ki, İsveçdəki qazax diasporu tərəfindən təşkil olunan tədbirin aparıcısı Qazaxıstandan olan qonaq, məşhur “Situativ qazax dili” tədris metodunun müəllifi Kanat Tasibekov olub.
Tədbir çərçivəsində müsabiqələr keçirilib, qaliblərə mükafatlar təqdim olunub.
Gecədə Qazaxıstanın İsveçdəki səfirliyinin əməkdaşları ilə yanaşı, türkdilli ölkələrin - Azərbaycan, Özbəkistan, Türkmənistan diasporlarının, uyğur icmasının və digər türk xalqlarının nümayəndələri iştirak ediblər. Azərbaycan diasporunu SAF – İsveç-Azərbaycan Birliyi təmsil edib.
SAF-ın sədri Sevda Dadaşova çıxışında türkdilli ölkələrin diaspor nümayəndələri ilə birgə belə tədbirlərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu, İsveçdə türk xalqlarının tarixi və mədəniyyətinin geniş təbliğinə, diasporlar arasında dostluğun və birliyin möhkəmlənməsinə töhfə verir.
Bndan əlavə, qonaqlara Azərbaycanın zəngin mədəni irsini və milli adət-ənənələrini əks etdirən sərgi təqdim olunub. Onu Sevda Dadaşova və stokholmlu yazıçı Eluca Atalı hazırlayıb.
Rəsmi hissədən sonra türkdilli xalqların nümayəndələri belə tədbirlərin davam etdirilməsi, İsveçdə türk mədəniyyətinin inkişafı və dəstəklənməsi, “Turan” adlı birlik çərçivəsində müxtəlif layihələrin birgə həyata keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.
Bayramın sonunda qazax diasporu qonaqları milli təamlara qonaq edib.
11:26 18.08.2025
Oxunuş sayı: 738