Hizbullahın gələcəyi - Livan xalqı başqaları üçün vuruşmaqdan yorulub

Hizbullahın Livanda və bölgədəki rolu uzun illər ərzində həm regional, həm də beynəlxalq siyasətin mərkəzində olub. Təşkilatın silahlı qüvvələrinin tərksilah olunması və siyasi inteqrasiyası məsələsi təkcə İsrailin deyil, həm də Livan hökumətinin prioritet hədəflərindən biridir. Prezident Joseph Aounun açıqlamaları və Həsən Nəsrullahın liderliyinin boşluğu, Hizbullahın həm ideoloji, həm də fiziki gücündə ciddi dəyişikliklərin baş verdiyini göstərir.
Trend BİA-nın direktor müavini, siyasi şərhçi Rufiz Hafizoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, İrana bağlı Hizbullah təşkilatının tərki-silah olunması İsrailin əsas hədəf və məqsədlərindən sadəcə biridir. Eyni zamanda Livan hökumətinin də, daha doğrusu prezident Joseph Aounun da əsas hədəflərindən biridir. Çünki hakimiyyətə gəlməsindən sonra, daha doğrusu prezident seçilməsindən sonra ilk açıqlaması belə oldu ki, "Livan xalqı başqaları üçün vuruşmaqdan yorulub".
"İsrail-Livan arasında olan müharibə, Həsən Nəsrullahın qətlə yetirilməsi və s. bütün bunlar əslində Hizbullah təşkilatını olduqca zəiflədib. Bugün Hizbullah təmtəraqlı çıxışlar etməsinə baxmayaraq, artıq əvvəlki Hizbullahdan əsər-əlamət qalmıyıb" - deyə siyasi şərhçi qeyd edib.
Rufiz Hafizoğlu əlavə edib ki, Hizbullahın baş katibi kimyagər olsa da və güclü siyasi-hərbi fiqur kimi təqdim edilsə də, Naim Qasim heç vaxt Həsən Nasrullahı əvəz edə bilməz. İranın dini liderinin tənqidləri də bu boşluğu doldurmur. Hizbullahın tərkisilah olunması və silahlıların orduda inteqrasiyası uzun müddətdir gündəmdədir və İran bunu ciddi bir strateji çətinlik kimi dərk edib.
İslam müqaviməti haqqında, özəlliklə də bu, Suriya və Bəşər Əsəd yönətimi və Hizbullah yönətimi haqqında gülünc şeylər var ki, İslami müqavimət... Bilirsiniz, çox ciddi, böyük bir biznesin bir hissəsidir. Yəni, Hizbullah həm Suriyada, həm Livanda, bəlkə də qəribə səslənər əxlaqsız, yəni fahişə bazarını belə kontrol edən bir silahlı qruplaşmaydı. Təbii ki, hər zaman da qeyd edilir: "Hizbullah yazılır, İran oxunur".
"İranın təhsil və ideoloji təsirini yaymaq strategiyası bütün ölkələrdə, hətta ən aşağı təbəqələrə də sirayət edir. Livan nümunəsi Azərbaycan üçün bir ölçü ola bilər; oradan İranın hiyləgər siyasətini və xalq üzərində təsirini öyrənmək faydalıdır. Hizbullahın silahları təhvil verməsi və Livan ordusuna inteqrasiyası da bu strategiyanın bir hissəsidir. Əsas məqsəd, Hizbullahın ideoloji bir qruplaşma olaraq çöküşünü əngəlləmək və siyasi inteqrasiyanı təmin etməkdir. Əgər Livanda hökumət və ya İsrail mövqeyi zəifləsə, gərginlik yenidən ortaya çıxa bilər. Oxşar şəkildə, Əfqanıstanda sovetlərə qarşı mücahid hərəkatından yaranan İŞİD və onun süqutu, “saf cihad” anlayışının aradan qaldırılmasıdır. Bu gün “cihad” termini heç bir yerdə əvvəlləki mənasında istifadə olunmur. Eyni zamanda, Misirdə və digər ölkələrdə siyasi İslam hərəkatlarının süqutu, siyasi İslamın da zəifləməsini göstərir"- deyə Rufiz Hafizoğlu vurğulayıb.
Bənövşə Zahidli
18:43 15.08.2025
Oxunuş sayı: 1188