İsrail HƏMAS-ın təklifini qəbul etməyəcək -RƏY

HƏMAS-ın Qahirədə Misir Baş Kəşfiyyatının rəhbəri Həsən Rəşidlə görüşündə atəşkəs və barışıq danışıqlarının bərpasına maraq göstərməsi, təşkilatın mövcud hərbi-siyasi təzyiq şəraitində taktiki mövqeyini yumşaltmaq istədiyini göstərir. Bu addım, həm beynəlxalq ictimaiyyətin artan təzyiqlərinə cavab xarakteri daşıyır, həm də Qəzza zolağında humanitar böhranın dərinləşməsi fonunda hərəkatın öz legitimliyini qorumaq cəhdini əks etdirir. Legitimlikdən əlavə uzun müddət davam edən müharibəni dayandırmaq istəyi hərbi resursların və canlı qüvvənin bitməsindən də irəli gələ bilər. Lakin prosesin real nəticə verib-verməyəcəyi tərəflərin qarşılıqlı güzəştə hazır olmasından asılı olacaq. Əsas məsələ isə İsrailin bu mövzuya yanaşma tərzidir. Belə ki, İsrailin yaydığı bəyanatlara diqqət etsək açıq şəkildə deyə bilərik ki, İsrail atəşkəsdən yana deyil. HƏMAS-ın döyüşmək üçün resursunlarının olmadığını nəzərə alsaq və İsrail atəşkəsə razılıq verməsə proseslər necə irəliləyəcək?
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlama verib: “HƏMAS-la İsrail arasında atəşkəs danışıqları, girovların təhvil verilməsi, İsrail qoşunlarının Qəzza zolağından çıxarılması daim müzakirə predmeti olub. Təbii ki, HƏMAS atəşkəsə razılaşır amma İsrailin baş naziri Benyamin Netanyahu atəşkəsdə maraqlı deyil. Artıq Qəzzanın ilhaq olunması ilə bağlı sənədi də qəbul edib. Mətbuat konfransında Böyük İsrail ideyasını, vəd olunmuş torpaqlar ideyasını təsdiq edib. Konkret olaraq burada hansısa atəşkəsdən söhbət gedə bilməz. HƏMAS-ın təklifini İsrail qəbul etməyəcək. Çünki HƏMAS Qəzzada idarəçiliyi itirmək, İsrail isə onu HƏMAS-a vermək istəmir. Ola bilər ki, 15-20 günlük müvəqqəti atəşkəs əldə olunsun amma bu Qəzza probleminin həllinə aparmır. Biz Benyamin Netanyahunun da strateji planını, işğal planlarını görürük. Yəni İsrail atəşkəsdə maraqlı deyil”.
Ayhan
14:19 14.08.2025
Oxunuş sayı: 1424