"Fələstinin tanınması Yaxın Şərqdə siyasi dinamikanı dəyişər " -RƏY

Fələstin rəhbərliyi, prezident Mahmud Abbasın rəhbərliyi altında, Fələstin Muxtariyyətini birtərəfli qaydada dövlətə çevirmək imkanını ciddi şəkildə nəzərdən keçirir və KİV-in yaydığı məlumata görə bu barədə 2025-ci ilin sentyabrında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında bəyanat verə bilər. "Al-Araby Al-Jadeed" nəşrinin anonim mənbəyə istinadən yaydığı məlumata görə, bu addımdan əvvəl prezident tərəfindən konstitusiya bəyanatı verilməli, Fələstin Milli Şurasına seçkilərin dəqiq tarixi müəyyən edilməli və dövlətin sərhədləri, xarakteri və əsasları təsdiqlənməlidir. Bu ideya 2015-ci ildə gündəmə gəlsə də dayandırılmışdı, lakin indi Fələstin Dövlətinin beynəlxalq aləmdə tanınması yenidən aktuallaşıb, beləliklə, rəhbərlik İsrailin təhdidlərini passiv gözləməkdənsə, addım atmağa meyllidir.
Mövzu ilə bağlı Yaxın şərq üzrə ekspert Vüqar Zifəroğlu Crossmedia.az-a açıqlama verib: “Fələstinin müstəqil dövlət kimi tanınması BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) sentyabr toplantısında Böyük Britaniya, Fransa və Kanada kimi iri dövlətlər tərəfindən dəstəklənərsə, bu, həm siyasi, həm də hüquqi baxımdan Yaxın Şərqdə mühüm dəyişikliklərə səbəb ola bilər. Bu tanınmanın bir neçə əsas təsir istiqaməti var. İlk növbədə vurğulamaq lazımdır ki, Fələstinin daha çox ölkə tərəfindən müstəqil dövlət kimi tanınması onun BMT-də tam hüquqlu üzv olmaq səylərinə legitimlik qazandıracaq. Bu, Fələstinə beynəlxalq hüququn subyekti kimi çıxış etmək imkanı verəcək — məsələn, Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iddialar qaldırmaq, ya da BMT-nin digər təsisatlarında bərabərhüquqlu iştirak etmək kimi. Fransa, Böyük Britaniya və Kanada kimi aparıcı Qərb dövlətlərinin tanıması İsrailə qarşı siyasi təzyiqin artmasına da təkan verəcək. Çünki bu ölkələr uzun müddət İsrailin əsas tərəfdaşları olublar. Tanınma qərarları İsraili iki dövlətli həll planına qayıtmağa məcbur edə bilər və Fələstin torpaqlarında yeni məskunlaşmaların qarşısını almaq üçün hüquqi və siyasi tədbirləri gücləndirə bilər. Bu qərar həm də "iki dövlətli həll" prinsipini yenidən beynəlxalq müzakirələrin mərkəzinə gətirə bilər. Hətta ABŞ-ın açıq şəkildə tanımasa belə, bu prosesin qarşısını almaması, diplomatik prosesə müsbət təsir göstərər".
O bildirib ki, iki dövlətli həll, yəni İsrail və Fələstinin sülh və təhlükəsizlik içində yanaşı yaşaması, illərdir beynəlxalq ictimaiyyətin hədəfidir: "Bu addım Ərəb dünyasında müsbət qarşılanacaq və Qərb ilə müsəlman ölkələri arasında münasibətlərin müəyyən dərəcədə yumşalmasına səbəb ola bilər. Eyni zamanda, bu qərar İran, Türkiyə və Səudiyyə Ərəbistanı kimi region dövlətlərinin siyasətinə də təsir göstərə bilər — onlar bu dəstəyi ya gücləndirəcək, ya da yeni vasitəçilik təşəbbüsləri ilə çıxış edəcəklər. Tanınma təkbaşına münaqişəni həll etməz. Lakin diplomatik danışıqlara qayıdış üçün yeni əsas yarada bilər və Fələstin rəhbərliyinin beynəlxalq legitimliyini artırar. Bu eyni zamanda İsrail daxilində bu prosesə qarşı olan sağ-mərkəzçi qüvvələrin daha da sərtləşməsinə səbəb ola bilər. Burada əsas risk ondan ibarətdir ki, İsrailin bu addımı birtərəfli addım kimi dəyərləndirib sülh danışıqlarından daha da uzaqlaşması mümkündür. Fələstinin tanınması Yaxın Şərqdə siyasi dinamikanı dəyişər və beynəlxalq hüququn aliliyini önə çıxaracaq. Bu addım, əgər ardınca diplomatik təşəbbüslər, vasitəçilik cəhdləri və konkret sülh planları ilə müşayiət olunarsa, İsrail-Fələstin münaqişəsinin həllinə müsbət töhfə verəcək. Əks halda, bu tanınma simvolik qalmaq riski daşıyır”.
Ayhan
14:54 11.08.2025
Oxunuş sayı: 1335