Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçıları Şuşada olublar

Diaspor Gənclərinin VI Yay Düşərgəsinin iştirakçılarının Şuşaya ekskursiyası təşkil olunub. Burada gənclər bir sıra mühüm tarixi və mədəniyyət abidələrini, görməli yerləri ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, gənclər tarixi və mənəvi əhəmiyyətə malik Cıdır düzündə olublar. Onlara Şuşanın coğrafi mövqeyi, Cıdır düzünün tarixi və qədim dövrlərdən bəri oynadığı ictimai rol haqqında ətraflı məlumat verilib.
Daha sonra Yuxarı Gövhər Ağa məscidi, “Güllələnmiş heykəllər”, Şuşa qalasının Gəncə Qapısı, İsa bulağı, Natəvanın Ev Muzeyi, Xan qızı bulağı ziyarət edilib. Gənclər bu abidələrin hər birinin tarixi, memarlıq xüsusiyyətləri və işğal dövründə məruz qaldıqları dağıntılar barədə bilgiləndiriliblər.
Şuşa qalası gənclərdə xüsusilə maraq doğurub. Qala divarlarının tikilməsi və qorunması məqsədilə aparılan tədbirlər, tarixi dövrlərdə Şuşanın müdafiəsində oynadığı rol ətraflı izah olunub.
Diaspor gənclərinə və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələrinə Qarabağla bağlı səhih məlumatların çatdırılması onların “yumşaq güc” kimi formalaşmalarına, ölkəmizin təbliğində və dezinformasiyaların qarşısının alınmasında iştirak etmələrinə töhfələr verilməsinə hesablanan addımlardır.
Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.
15:47 07.08.2025
Oxunuş sayı: 799