Diaspor gənclərinə Azərbaycanın xarici siyasətindən və ictimai diplomatiyadan bəhs olunub

Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin növbəti paneli “Azərbaycanın xarici siyasəti və ictimai diplomatiya” mövzusuna həsr olunub.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Azərbaycan Respublikasının Avstriya və Sloveniya Respublikalarında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının ATƏT və BMT-nin Vyana şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov iştirak edib.
Paneldə diaspor gənclərinə müasir Azərbaycanın xarici siyasət strategiyası, balanslaşdırılmış yanaşma, beynəlxalq hüquqa sadiqlik və ictimai diplomatiyanın artan rolu barədə müfəssəl məlumat verilib. Bildirilib ki, beynəlxalq münasibətlər sistemində, diplomatik müstəvilərdə uğur qazanan ölkəmizin yeni nəsil diasporu müasir səriştələrə yiyələnməli və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında daha fəal iştirak etməlidir. Diplomatlar yeni dünya düzənində ictimai diplomatiyanın xüsusi rolunu vurğulayıb və gənclərə bu sahədə peşəkar biliklərə sahib olmanın mexanizmləri barədə tövsiyələrini çatdırıblar. Panel qarşılıqlı fikir mübadiləsi aparılması və soydaşlarımızın suallarının cavablandırılması ilə yekunlaşıb.
19:30 06.08.2025
Oxunuş sayı: 843