Dünya İsrailə qarşı birləşir? - Fransanın ardınca, Britaniya...

Yaxın Şərqdə baş verən hadisələr beynəlxalq münasibətlərin dinamikasında ciddi dəyişikliklərə səbəb olmağa davam edir. Xüsusilə Qəzza zolağında İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar və humanitar yardımın qarşısının alınması qlobal ictimaiyyətin narahatlığını artırıb. Bu gərginlik fonunda Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisindən yayılan bəyanat dünya mediasının və diplomatik dairələrin diqqət mərkəzinə düşüb. Bəyanatda bildirilir ki, əgər İsrail Qəzzaya humanitar yardımın çatdırılmasına mane olmağa və hərbi əməliyyatlarını davam etdirməyə davam edərsə, London BMT Baş Assambleyasının sentyabr sessiyası ərəfəsində Fələstin dövlətini rəsmi şəkildə tanıya bilər. Bu bəyanat həm İsrailin beynəlxalq mövqeyinə, həm də Fələstin məsələsinin hüquqi-siyasi çərçivədə dəyərləndirilməsinə birbaşa təsir edə biləcək əhəmiyyətli diplomatik mesajdır. Məsələ burasındadır ki, Böyük Britaniya uzun illər ərzində İsrailin strateji tərəfdaşı olaraq çıxış etmiş bir ölkədir və belə bir mövqenin sərgilənməsi beynəlxalq hüquq və insan haqları kontekstində yeni mərhələnin başlaya biləcəyindən xəbər verir. Bu giriş fonunda sual yaranır: Britaniyanın Fələstini tanıması nə deməkdir və bu addım İsrail üçün hansı real nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Crossmedia.az-a açıqlama verib:
“Böyük Britaniyanın BMT Baş Assambleyasının sentyabr sessiyası ərəfəsində Fələstin dövlətini tanıyacağını açıqlaması, İsrailə qarşı əhəmiyyətli diplomatik təzyiqdir. Bu, G7 üzvlərindən biri olaraq — ABŞ və Fransa ilə birlikdə əslində Netanyahu hökumətinə təzyiq kimi də qiymətləndirilə bilər. Britaniya 1917-ci il Balfour Bəyannaməsi və 20‑ci əsrin əvvəllərində Yaxın Şərqdəki qərarverici aktor kimi xüsusi tarixi rol daşıyır. Buna görə belə bir siyasi dəyişiklik İsrail üçün simvolik və strateji əhəmiyyət daşıyır. Starmer hökuməti daxilində və Avropada artan ictimai və parlamentar dəstəyi nəzərə alaraq bu qərarı təzyiq aləti kimi istifadə edir. Məqsəd İsraili təcrid etmək deyil, daha çox yardımın çatdırılması və münaqişənin həllinə təkan verməkdir . İsrail Baş naziri Benyamin Netanyahu isə bu addımı “terrorizmin mükafatı” kimi qınayıb və Britaniya qərarının girovların azad edilməsinə mane ola biləcəyini bildirib. Tanıma BMT çərçivəsində Fələstin dövlətinin suveren subyekt kimi qəbul edilməsidir. Hazırda dünyanın təxminən 147‑149 ölkəsi Fələstin dövlətini tanıyır — Britaniyanın qərarı bu siyahıya G7 üzvlərindən əlavə qatılmaq anlamına gəlir. Bu tanıma beynəlxalq hüquq və diplomatik platformalarda (məsələn, BMT strukturunda) Fələstinin mövqeyini gücləndirəcək. Xüsusilə İsrailin Qərb Şəriədə yeni ilhaq planlarına qarşı müqavimət təşkil edə bilər. Tanıma təklifi konkret şərtlərə bağlanıb — İsrailin dinc fəaliyyətə keçməsi, humanitar yardımı bərpa etməsi, Qəzzada anneksiya planından imtina etməsi və davamlı ikidövlətli həllə yol açmaqdır. Hamas üçün isə girovların azad edilməsi, silahsızlanma və hökumətdə payı olmaması kimi tələblər mövcuddur”.
Ayhan
12:03 31.07.2025
Oxunuş sayı: 1189