Kanadada yaşayan soydaşlarımız üç böyük paradda ölkəmizi təmsil edib



Kanadanın Alberta əyalətində yaşayan Azərbaycan icması “Heritage Park Canada Day” və “Banff Canada Day” paradlarında ilk dəfə, “Stampede” paradında isə artıq ikinci dəfə ölkəmizi təmsil ediblər.
Bu barədə Crossmedia.az-a Diasporla İş üzrə
Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, paradlarda milli ornamentlərlə
bəzədilmiş xüsusi konstruksiyalı nəqliyyat vasitəsi üzərində ölkəmizin zəngin mədəniyyətini
əks etdirən simvollar nümayiş olunub. Kompozisiyada Qız qalasının modeli, Azərbaycan
xalçası, “Odlar Yurdu”nu simvolizə edən alov maketləri, musiqi alətləri,
Qarabağ atlarının və Şuşa qalasının təsviri yer alıb.
Layihənin müəllifi Kalqari şəhərində fəaliyyət
göstərən Azərbaycan icmasının rəhbərlərindən biri İradə Şamilovadır.
Kompozisiyanın hazırlanmasında Kalqari icmasının fəalı Aleks Qubski,
“Azerbaijan Calgary Stars” rəqs qrupu və digər könüllülər iştirak ediblər.
İradə Şamilovanın sözlərinə görə, təkcə
“Stampede” paradı zamanı Azərbaycan bayrağı və milli musiqi sədaları altında irəliləyən
qrupumuzu təxminən 300.000 nəfərə yaxın yerli sakin izləyib. Paradın onlayn izləyici
sayı isə 5 milyon nəfərə çatıb. İcmamızın çıxışı tamaşaçıların alqışları,
soydaşlarımızın sevinc və qürur hissi ilə qarşılanıb.
16:58 30.07.2025
Oxunuş sayı: 1090