Trampın "qum saatı" işə düşdü: On gündən sonra nə olacaq?

ABŞ və Rusiya arasında Ukrayna münaqişəsi fonunda gərginlik yenidən alovlanıb. Vaşinqton administrasiyası Rusiya ilə münaqişənin diplomatik yolla həlli üçün son şansı verir. ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Moskva 10 gün ərzində danışıqlarda irəliləyişə razılıq verməzsə, Rusiya iqtisadiyyatı üçün sərt idxal rüsumları və əlavə məhdudiyyətlər tətbiq ediləcək. Trampın bu addımı, Qərbin Rusiyaya qarşı təzyiqlərini artırmaqla müharibənin dayandırılmasına nail olmaq niyyətinin növbəti göstəricisi kimi qiymətləndirilir. Bəs bu sanksiya Rusiyanı geri addım atmağa sövq edəcəkmi? Rusiya geri addım atmasa bu sanksiyaların təsiri nədən ibarət olacaq?
Mövzu ilə bağlı Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli Crossmedia.az-a açıqlama verib:
“Tramp bu cür “time” larla, vaxt verməklə bağlı çox danışır və sonda qeyri-ciddi bir duruma düşür. Çünki başlanğıcda 24 saata müharibəni bitirəcəm demək özü yanlış bir təfəkkürün məhsulu idi. “Müharibələrin bir günün içində baş verməsi” anlayışı yoxdur. Müharibə ciddi qarşıdurmalardan keçir, sonra bu qarşıdurmalar periodunda müxtəlif aktorların maraqları təmin olunmursa, bu ziddiyyətlər gətirib toqquşmalara çıxarır. Bu baxımdan Tramp belə ifadələri işlədəndə düşünməli idi. Onun qoyduğu 24 saat 20 gün oldu, sonra 50 gün oldu. İndi isə azaldıb 10 gün edib. Sırf sosial media akkauntlarına hesablanmış açıqlamalarla real meydan üzərində durumları tarazlamaq mümkün deyil".
Onun sözlərinə görə, Rusiyanın 10 günlük müddətlə bağlı verəcəyi reaksiya konkretdir: "Rusiya bu cür “time” larda daha ağır qarşıdurmalar yaradır. ABŞ daha ağır sanksiyalara əl atacağını bildirir. Amma bu sanksiyalarla nəyə nail olmaq mümkündür? Düşünürəm ki, burda həlledici məqam Ukraynanın durumu ilə bağlıdır. Çünki hərbi silah sursatla bağlı əldə olunan resurslara ayrılan pullar bitir. Reallıq göstərir ki, bu rəqəmlərdə də Qərb cəbhəsində böyük problemlər yaşanır. Ona görə çalışırlar ki, informasiya savaşı ilə ölçüləbilən həddə təzyiq göstərsinlər. Bəlkə, nəyəsə nail olarlar. Amma o da reallıqdan çox uzaqdır”.
Ayhan
13:34 30.07.2025
Oxunuş sayı: 970