İsrail hərbi-siyasi rəhbərliyi bu qəddarlığın törədilməsində birbaşa məsuliyyət daşıyır - AÇIQLAMA

Qəzzada
baş verən son hadisələr, yalnız bir bölgənin deyil, bütün insanlığın vicdanını
sınağa çəkən faciəvi bir reallığı gözlər önünə sərir. BMT-nin 300-dən çox əməkdaşının
həyatını itirməsi, bu münaqişənin miqyasını və qəddarlığını ölçmək üçün ən
tutarlı göstəricilərdən biridir. Qəzzada
daha sistemli, daha geniş miqyaslı və daha qəddar bir məhv prosesi
yaşanır. İsrail siyasətçilərinin mülki
itkiləri “şişirdilmiş” sayması artıq ciddi bir arqument kimi qəbul edilə bilməz
— çünki beynəlxalq qoruma altında olan insanların bu şəkildə hədəfə alınması,
dinc əhalinin hansı şərtlər altında məhv edildiyinin açıq və danılmaz
sübutudur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, Qəzzada öldürülən BMT əməkdaşlarının sayı ilə tanış olduqda, faciənin hansı səviyyədə olduğu barədə müəyyən təsəvvür əldə etmək mümkündür:
“Yəni, bu vaxta qədər aparılan heç bir müharibədə BMT bu qədər işçisini itirməyib. Bəzən İsrail siyasətçiləri Qəzzadakı dinc əhali arasında mövcud olan itkiləri şişirdilmiş hesab edir və düzgün qiymətləndirilmədiyini deyirlər. Onların bu etirazına qarşı BMT-nin itkilərini göstərmək düşünürəm ki, kifayət edər. Beynəlxalq qoruma altında olan insanların bu şəkildə öldürülməsi, dinc əhaliyə hansı şəraitdə divan tutulduğunu göstərən ən ciddi dəlildir. Əlbəttə, İsrail və onun hazırkı siyasi, hərbi rəhbərliyi bu qəddarlığın törədilməsində birbaşa məsuliyyət daşıyır. Amma İsrailin bu qəddarlığını sadəcə müşahidə edən digər dövlətlər də heç də məsum deyillər. Onlar da İsraillə bərabər məsuliyyət daşıyır. Bu gün heç bir dövlət yaxasını kənara çəkib günahsız olduğunu sübut etməyə qalxa bilməz, çünki Qəzzada baş verən insanlıq faciəsinin qarşısının alınmasında heç bir dövlət lazım olan səviyyədə fəaliyyət ortaya qoymayıb və bu gün günahsız insanların tökülən qanlarının məsuliyyəti bütün dövlətlərin üzərindədir”.
Nəzrin
Salmanova
14:06 28.07.2025
Oxunuş sayı: 1716