Ermənistanın ABŞ-nin Zəngəzurdan 42 km-lik yolun icarəyə verilməsi təklifini qəbul etmədi, çünki...- Mühüm İran faktoru

Ermənistan ABŞ-nin Zəngəzurdan 42 km-lik yolun icarəyə verilməsi təklifini qəbul etməyib. Bu barədə parlamentin “Mülki müqavilə” fraksiyasının deputatı Arman Eqoyan məlumat verib. O bildirib ki, rəsmi İrəvan bu cür məsələlərə yalnız suverenlik, yurisdiksiya, qarşılıqlılıq və ərazi bütövlüyü prinsipləri əsasında baxmağa hazırdır.
Ermənistanın bu addımı onun ərazi suverenliyi məsələlərində daha ehtiyatlı mövqe tutduğunu göstərir. ABŞ kimi güclü bir tərəfdaşın təklifini rədd etmək isə həm daxili ictimai rəyə, həm də regional geosiyasi balanslara hesablanmış qərar ola bilər. Bu, eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı danışıqlarda Ermənistanın öz şərtlərini qorumağa çalışması kimi də qəbul oluna bilər.
Bu barədə Crossmedia.az-a danışan politoloq Elxan Şahinoğlu Ermənistanın təklifə soyuq yanaşmağa da risk etmədiyini bildirib:
“Ermənistan İrandan çəkindiyi üçün bu təklifi rədd edib. Əslində bu təklifə onların bir hissesi razılıq verir. Lakin digər hissəsi qəti şəkildə razılıq verməkdən imtina edir. Çünki İran Ermənistan xarici işlər naziri və parlamenti əleyhinə çıxsa da, baş nazir Nikol Paşinyan fərqli açıqlama vermişdi. O, bildirmişdi ki, bu məsələ müzakirə oluna bilər. İrandan qorxduqları üçün təklifi qəbul etmədilər. Belə ki, Zəngəzurdan alınacaq 42 km-lik hissəni ABŞ-nin şirkətinin icarəsinə versə, bu, İranın narazılığına səbəb olacaq və İran-Ermənistan münasibətlərində gərginlik yaranacaq. Ermənistan hakimiyyəti bundan çəkinir. Amma eyni zamanda ABŞ-nin təklifinə rədd cavabı verməyi də risk etmirlər. Çünki bu mövzu, həmçinin ABŞ Prezidenti Donald Tramp administrasiyasının diqqət mərkəzindədir. Bu səbəbdən tam imtinadan söhbət gedə bilməz. İran rəsmilərinin mövqeyi isə fərqlidir. İran Zəngəzur dəhlizinin uzaq ölkələrin nəzarəti altında olmasına qarşıdır. Xüsusilə də söhbət İranın düşməni ABŞ-dən gedirsə”.
Nicat Rüstəmzadə
18:40 25.07.2025
Oxunuş sayı: 1630