Yunanıstan Türkiyəni miqrant axınında günahlandırır

Şərqi Aralıq dənizində Türkiyə ilə Liviya arasında enerji axtarışları yenidən regionda gərginliyi artırıb. Belə ki, Türkiyə və Liviya birlikdə Krit adası yaxınlığında qaz kəşfiyyatına başlayıb. Bu proseslə paralel olaraq, Liviyadan Yunanıstana qeyri-qanuni miqrant axını kəskin artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Haber global" məlumat yayıb.
Yunanıstan bildirir ki, Türkiyə bu vəziyyətdən siyasi təzyiq aləti kimi istifadə edir. Lakin Avropa İttifaqı (Aİ) bu ittihamları qəbul etmir. Aİ rəsmiləri hesab edir ki, miqrant axını təkcə Türkiyə ilə razılaşma ilə bağlı deyil və bu proses razılaşmadan əvvəl də müşahidə olunurdu.
Qurumun məlumatına görə, 2025-ci ilin iyunundan bu yana Liviyadan Yunanıstana 5 mindən çox qeyri-qanuni miqrant gəlib. Bu, ötən illə müqayisədə 173% artım deməkdir.
Yunanıstan həm Aİ-dən, həm də Liviyadan dəstək almağa çalışsa da, uğursuzluqla qarşılaşıb. Xüsusilə Liviyanın şərqinə nəzarət edən general Xəlifə Hafter bu məsələdə Yunanıstana dəstək vermir. Səbəb kimi bölgədə Türkiyənin təsir gücünün artması göstərilir.
Yunanıstan hökuməti vəziyyətin nəzarətdən çıxmasından narahatdır. Krit adası yaxınlığında patrul gəmiləri yerləşdirilib və Liviyadan gələnlərin sığınacaq müraciətlərini dondurmaq müzakirə edilir. Avropa mütəxəssisləri isə xəbərdarlıq edir: vəziyyət dəyişməzsə, Aralıq dənizində yeni bir miqrant böhranı başlaya bilər.
Fatimə Məmmədova
02:43 25.07.2025
Oxunuş sayı: 1066