ABŞ-da Netanyahuya narazılıq artır

ABŞ-ın Prezidenti Donald Trampın administrasiyasında İsrailin Baş naziri Binyamin Netanyahuyun “nəzarətdən çıxdığı” barədə narahatlıqlar artır. Ağ Ev Netanyahuyun Suriyaya hücumlarından sonra xüsusilə ciddi narahatlıq keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.
Altı yüksək vəzifəli amerikalı məmurun bildirdiyinə görə, Suriyadakı bombardmanlar Prezident və Ağ Ev üçün gözlənilməz olub. Trampın ətrafındakılar hesab edir ki, Netanyahu bölgədə sabitliyi pozur və “davamlı hər yeri bombalayır”.
Həmçinin, bu həftə Qəzza sektorunda katolik kilsəsinin atəşə tutulması Trampı Netanyahu ilə əlaqə saxlayıb izahat tələb etməyə vadar edib. ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrak və xüsusi nümayəndə Stiv Vitkoff kimi yüksək rütbəli məmurlar da birbaşa Trampa Netanyahu ilə bağlı narazılıqlarını bildiriblər.
Türkiyə və Səudiyyə Ərəbistanı da Tramp administrasiyasına İsrailin hərəkətləri ilə bağlı sərt etirazlarını çatdırıb.
Məmurlar bildirirlər ki, Netanyahunun siyasi gündəliyi onun məntiqini gölgədə qoyur və uzunmüddətli perspektivdə bu, onun üçün böyük səhv olacaq. Son həftə ərzində İsrail yəhudi sakinlərinin amerikalı fələstinli mənşəli şəxsi öldürməsi də Ağ Evdə narazılıq yaradıb.
Ümumilikdə, ABŞ administrasiyasında Netanyahu hökumətinin davranışı regionda sabitliyə təhdid kimi qiymətləndirilir.
Nigar Rəhimova
22:08 23.07.2025
Oxunuş sayı: 1100