Deputatlar istirahət edəcək? - Əksəriyyəti işləmək fikrindədir

İctimaiyyətlə iç-içə olan məşhur insanların, o cümlədən məmurların istirahət yerləri daim maraq mövzusu olub. Bildiyimiz kimi, Milli Məclisin Yaz sessiyası bitdikdən sonra 2025-ci ildə növbədənkənar sessiyası iyun ayının 30-da başa çatıb. Bu da deputatların istirahət vaxtının çatması deməkdir. Azərbaycan Milli Məclisinin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar iyul ayının 15-dən tətilə buraxılacaq. Tətil müddəti isə avqustun 30-dək davam edəcək.
Crossmedia.az olaraq deputatlar arasında tətili harda keçirəcəkləri barədə sorğu keçirdik:
Günay Ağamalı:
Hal-hazırda tətil planlarım konkret deyil. Əsas prioritetim iş fəaliyyətim və seçicilərimlə olan görüşlərdir. Lakin fürsət yaranarsa, Azərbaycanın gözəl bölgəsi olan Qarabağa səfər etməyi düşünürəm. Hesab edirəm ki, təbiəti, tarixi və mənəvi dəyəri ilə zəngin olan bu bölgələr istirahət üçün, həm də ruhun qidalanması üçün əvəzolunmaz məkandır.
Aydın Mirzəzadə:
Mənim tətillə bağlı xüsusi planım yoxdur. Telefonumla müraciətlərə, mətbuata açıqlamalar verirəm. Elə dünən seçildiyim dairədən bir neçə nəfərin probleminin həlli üçün çalışmışam. Ümumən sadə Azərbaycan vətəndaşının həyatını yaşadığım üçün fəxr edirəm.
Tural Gəncəliyev:
Mən Bakıda yaşayıram. Əgər imkan olarsa, tətil vaxtı Qarabağa səfər edəcəm. Doğma şəhərlərimizə, Xankəndiyə, Şuşaya.
Tahir Rzayev:
Mən məzuniyyətdə olmağıma baxmayaraq, seçicilərlə görüşürəm, müvafiq qurumlara müraciətlər ünvanlayıram, müxtəlif tədbirlər var ki, o tədbirlərdə iştirak borcumuzdur. Elə iyulun 16-da YAP-ın İsmayıllıda keçirdiyi tədbirdə iştirak etdim. Müxtəlif rayonlardan gələn şəxslərlə görüşlər keçirdik. Hazırda Bakıdayam. Sözsüz istirahət də lazımdır. İşğaldan azad edilmiş torpaqlarımıza getməyi düşünürəm. Doğma şəhərlərimizə, Qarabağa, Şuşaya, Laçına.
Azər Badamov:
Tətilimin ilk günlərində Qaarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər etdim və işğaldan azad olunmuş ərazilərdə icra olunan yenidənqurma və bərpa işləri ilə tanış oldum. O cümlədən bir neçə şəhər və kəndimizə keçmiş məcburi keçkünlərin qayıdaraq firavan həyatlarına davam etdiklərinin şahidi oldum. İşğaldan azad olunmuş ərazilərdəki canlanma məni çox sevindirdi və qürurlandırdı. Hal hazırda Qusardayam. Rayon sakinləri ilə görüşürüəm, toy və yas məclislərdə iştirak edirəm. Həm də rayon tədbirlərində iştirak edirəm. Sərbəst vaxtım olduğuna görə mətbuatla daha aktiv əməkdaşlıq edirəm. Hər gün mətbuat orqanlarına müsahibələr yazılar verirəm. Televiziya kanalları ilə canlı bağlantılar quraraq ölkəmizin ictimai-siyasi hətaında baş verən hadisələrə münasibətimi bildirirəm. Düşünürəm ki, məzuniyyətimin sonuna kimi bu tempdə fəaliyyətimi davam etdirəcəyəm. Yəni mətbuatla əməkdaşlığımı genişləndirməklə zövq alıram .
Ayhan
21:55 22.07.2025
Oxunuş sayı: 1262