"Trampın Azərbaycan Prezidentinin çıxışı paylaşması ciddi dəyişiklikdir"- Deputat

ABŞ prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım edib.
Videoda Azərbaycan Prezidenti Trampla bağlı fikirlərini bölüşüb.
Ağ Ev rəhbərinin bu jestinin siyasi mesajları barədə Crossmedia.az-a danışan Mili Məclisin deputatı Vüqar Bayramov Trampın paylaşımının iki ölkə arasındakı münasibətlərə müsbət təsir etdiyini bildirib:“Azərbaycan və ABŞ arasında münasibətlərin inkişaf etməsi müşahidə olunur. Nəzərə alsaq ki, əvvəlki administrasiya dövründə biz iki ölkə arasındakı münasibətlərdə soyuqluq müşahidə edirdik, amma indiki vəziyyətdə ölkələr arasındakı münasibətlərin inkişaf etməsi aydın məsələdir. Təbii ki, ABŞ prezidentinin Azərbaycan Prezidentinin çıxışını paylaşması praktik olaraq münasibətlər üçün ciddi bir dəyişiklikdir”.
V.Bayramov ABŞ liderinin öz sosial media hesabında etdiyi paylaşımı ilə verdiyi mesajı forumda bəhs olunan məsələlərə qlobal münasibət kimi dəyərləndirib: “Etiraf etmək lazımdır ki, dünyanın aparıcı iqtisadi gücü olan ABŞ rəhbəri çox nadir hallarda digər və xüsusən də ölkəsindən uzaqda yerləşən ölkə rəhbərlərinin çıxışını paylaşır. Trampın Azərbaycan prezidenti İlham Əliyevin çıxışını paylaşması da iki ölkə münasibətlərində inkişafa xüsusi töhfə verməklə yanaşı İlham Əliyevin forumda qeyd etdiyi məsələlərə qlobal münasibətdir.
Məhz bu paylaşıma əsasən biz növbəti dövrdə də biz iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyini müşahidə etmiş olacağıq”.
Nicat Rüstəmzadə
20:56 22.07.2025
Oxunuş sayı: 2027