Baş prokuror: AZAL təyyarəsinin vurulmasının istintaqı ilə bağlı Rusiya konkret nəticələr barədə bizə məlumat vermir

AZAL təyyarəsinin vurulması və Aktauda qəzaya uğramasının istintaqı ilə bağlı Rusiya tərəfi konkret nəticələr barədə Azərbaycana məlumat vermir.
Crossmedia.az xəbər verir ki, bunu Ankarada səfərdə olan Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, AZAL-ın təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə düşəndən etibarən Azərbaycan Rusiya İstintaq Komitəsi ilə daim əlaqə saxlayır və məktublar ünvanlayır:
"Onlar hələ ki, ekspertizaların keçirilməsi, istintaqın davam etdirilməsi, istintaq hərəkətlərinin həyata keçirilməsini əsas gətirməklə konkret nəticələr barədə bizə məlumat vermirlər. Amma bizim özümüzdə istintaqın ilkin mərhələsindən kifayət qədər sübutlar var. Biz hadisənin baş vermə halları ilə bağlı həm kifayət qədər məlumatlıyıq, həm də zəruri olan bütün sübutları toplamışıq. Qazaxıstan tərəfi ilə fəaliyyətimizi koordinasiya edirik.
Təyyarə Aktau şəhəri yaxınlığında yerə düşən kimi Azərbaycan Baş prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başladıldı. Eyni zamanda, Qazaxıstan tərəfi, sonradan isə Rusiya İstintaq Komitəsi də cinayət işi başlatdı. Yəni hazırda üç ölkədə cinayət faktları araşdırılır. Sual oluna bilər ki, bir fakta görə niyə üç ölkədə cinayət işi açılıb? Ona görə ki, bu və ya digər formada hər üç ölkənin maraqlarına toxunan bir məsələdir. Məlumdur ki, o hadisə zamanı hər üç ölkənin vətəndaşları arasında həm həyatlarını itirən, həm də müxtəlif dərəcəli bədən xəsarətləri alanlar olub. Bu səbəbdən biz həm Rusiya İstintaq Komitəsi, həm də Qazaxıstanla əməkdaşlıq edirik".
K.Əliyev, həmçinin ilk vaxtlardan Braziliya Prokurorluğu ilə əlaqə saxladıqlarını vurğulayıb.
"Bilirsiniz ki, həmin təyyarə Braziliyada istehsal olunub. Hər halda ümid edirik ki, Rusiya tərəfi qısa zaman kəsiyində bizə istintaqın gedişi və konkret nəticələr, eyni zamanda cinayəti törətmiş (amma biz demirik bu qəsdən törədilib) şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı bizə məlumat verəcəklər. Əgər bu, olmazsa, o zaman Cənab Prezidentin də dediyi kimi, bizim Beynəlxalq məhkəmələrdə iddia qaldırmaq hüququmuz var", - Baş prokuror əlavə edib.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökümə Cəlil qızı Əliyevaya ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Qəzadan sağ çıxan ekipaj üzvləri Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər. (Report)
15:55 22.07.2025
Oxunuş sayı: 1121