“Bu əsassız çağırışlar regionumuzda sülhə mane ola bilməz” - Deputat

Azərbaycan Respublikasının Milli Məclisi Belçika Nümayəndələr Palatasının 2025-ci il iyulun 17-də qəbul etdiyi birtərəfli və qərəzli qətnaməyə qarşı qəti etirazını bildirib.
Milli Məclis qeyd edir ki, qətnamədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququna qarşı yönəlmiş ittihamlar tamamilə əsassızdır. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı yalnız Qarabağda qalan Ermənistan silahlı qüvvələrinə və qeyri-qanuni silahlı dəstələrə qarşı yönəlib və bu əməliyyat zamanı mülki əhali və mədəni abidələrə zərər verilməyib. Belçika parlamentinin Azərbaycanı “müharibə cinayətləri” və “insan hüquqlarının pozulması” ilə ittiham etməsi siyasi motivli və qərəzli yanaşmadır. Qətnamədə Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal etməsi və bu müddətdə törədilmiş cinayətlərə göz yumulması ciddi narahatlıq doğurur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, erməni diasporu müxtəlif ölkələrin parlamentləri qapı-qapı gəzir və ələ aldıqları deputatların köməyi ilə Azərbaycana qarşı qətnamələr qəbul etdirməyə can atır:
“İsveçrə parlamentindən sonra eyni məzmunlu bir kağız parçasının Belçika Nümayəndələr Palatasında qəbul etdirə bilməsi erməni diasporunun Cənubi Qafqaza sülhün və əməkdaşlığın gəlməsindən narahat olmasının göstəricisidir. Əslində, bu qətnamələr daha çox Ermənistana qarşı yönəldiyini deyə bilərik. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünün gec tanıdığına görə təəssüfləndiyini bildirib. Hətta Vardanyanın həbs olunmasına münasibət bildirərək, onun Qarabağa kimlərin sifarişi ilə getdiyini və məqsədinin nə olduğunu soruşur və onu cinayət əməllərinə görə həbs olunduğunu qeyd edir. Həm də Paşinyan Türkiyəyə səfəri çərçivəsində erməni icmasının nümayəndələri ilə görüşündə onun dünya ermənilərinə cavabdeh olmadığını və vəzifəsinin yalnız Ermənistandakı ermənilərin taleyini düşünməkdən ibarət olduğunu bildirib. Yəni demək istədiyim odur ki, Ermənistan Azərbaycanın yaratdığı yeni reallığı qəbul etdiyi halda, erməni diasporu və onun təsiri altına düşmüş bəzi parlamentarilər hələ də baxışlarını dəyişmir”.
Deputat vurğulayıb ki, Belçika Nümayəndələr Palatasının qəbul etdiyi qətnamə, bu kağız parçası reallıqdan uzaq, sifarişlə hazırlanmış siyasi motivlərə əsaslanır:
“Qətnamədə “insan hüquqlarının pozulması və müharibə cinayətləri”ndən danışılır. Necə olur ki, öz ərazilərində suverenliyi və konstitusion hüquqlarını bərpa etmiş Azərbaycanla münasibətdə bu hərbi cinayətlər adlanır, Ukrayna ilə münasibətdə isə ərazi bütövlüyünün pozulması beynəlxalq hüquqa zidd olduğunu və Rusiyanı aqressor adlandıraraq kollektiv Qərb mübarizəyə qalxır? Halbuki Ermənistan Azərbaycanın ərazilərini 30 ildə işğal altında saxlayaraq 300-dən çox yaşayış məntəqəmizi yerlə yeksan etməsi və 750 mindən çox azərbaycanlını öz vətənində məcburi köçkünə çevirməsi hərbi cinayət və insan haqlarının pozulması deyilirmi? Azərbaycan beynəlxalq təşkilatlarda çağırışlar etdiyi zaman səsimizə səs verərək işğala son qoyulması üçün Ermənistana niyə təzyiq göstərmədiniz? Bəli, Bakıda həbsdə olan erməni separatçıları törətdikləri hərbi cinayətlərə görə ittiham olunurlar və Belçika parlamentinin üzvləri də bunu yaxşı bilirlər.
Qətnamədə Qərbi Azərbaycanla bağlı yanlış və təxribatçı təfsirə yol verilib. 80-ci illərin sonunda öz doğma yurdlarından güc yolu ilə deportasiya olunmuş azərbaycanlıların öz vətənlərinə dinc yolla və ləyaqətlə qayıdışı hüququnun tələb etməsindən niyə narahatsınız? Sizin bu riyakar və əsassız çağırışlarınız regionumuza sülh gəlməsinə mane ola bilməz. Azərbaycanlıların Qərbi Azərbaycana qayıdış tələbi beynəlxalq hüquqa əsaslanıb. Burada narahat olası bir məsələ yoxdur. Sizin riyakarlığınıza baxmayaraq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində işlər davam etdirilir. Amma nə erməni diasporunun, nə də onların əlaltılarının çağırışları regionumuza sülhün gəlməsinə mane ola bilməz”.
Nəzrin Salmanova
22:23 19.07.2025
Oxunuş sayı: 957