Azərbaycan nümayəndəsi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Assambleyasına sədr seçilib

8-17 iyul tarixlərində Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 66-cı iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, assambleyaların iyulun 17-də keçirilən iclaslarında bir sıra təşkilati məsələlərə baxılıb.
Koordinasiya Komitəsi və Paris və Bern İttifaqının İcraiyyə Komitəsində qeyri-rəsmi məsləhətləşmələrdən sonra 40 dövlət Bern İttifaqı İcraiyyə Komitəsinin daimi üzvü seçilib. Daimi üzv seçilən dövlətlər sırasında Azərbaycan da yer alıb.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildə ÜƏMT-nin əqli mülkiyyətin qorunması sahəsində ən böyük beynəlxalq müqaviləsi olan Paris konvensiyasına və 1998-ci ildə Bern konvensiyasına qoşulub.
Ölkəmiz həmçinin 2027-ci ildə keçiriləcək Baş Assambleyanın növbəti sessiyasının bağlanışına qədərki dövr üçün ÜƏMT-nin ən vacib rəhbər orqanlarından olan Koordinasiya Komitəsinə 194 ölkə arasından daimi üzv seçilmiş 83 dövlətdən biridir.
Azərbaycan Proqram və Büdcə Komitəsinin də üzvü seçilib. Bu Komitədə həmin vaxtadək təmsil olunacaq dövlətlərin sayı 53-dür. Komitə Birləşmiş Millətlər Təşkilatının (BMT) maliyyə nəzarəti üçün vacib rol oynayır. Belə ki, Komitə resurs tələblərini araşdırır, büdcə proqnozlarını nəzərdən keçirir və maliyyə‑administrativ siyasətə dair tövsiyələr hazırlayır.
İyulun 17-də keçirilən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Assambleyalarının vəzifəli şəxslərinin seçkilərində isə Azərbaycan Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov 118 üzv dövlətin təmsil olunduğu ÜƏMT-nin Müəllif hüquqları Müqaviləsi Assambleyasının sədri seçilib.
Azərbaycan 2005-cı ildən ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsinin üzvüdür.
Beləliklə, Azərbaycan BMT-nin ən böyük qurumlarından biri olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 3 böyük komitəsində təmsil olunur və onun ən vacib assambleyasından birinə rəhbərlik edir.
Xatırladaq ki, Azərbaycan nümayəndəsi 2018-ci ildə ÜƏMT-nin Müəllif hüquqları Müqaviləsi Assambleyası sədrinin müavini seçilib, 2019-2020-ci və 2023-cü illərdə Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası Assambleyasına, 2021-2022-ci illərdə isə Müəllif hüquqları Müqaviləsi Assambleyasına sədrlik edib.
ÜƏMT-nin komitələrində Azərbaycanın təmsil olunması ilk növbədə sahənin inkişafını daim dəstəkləyən Azərbaycan dövlətinə və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi və institusional islahatlara hörmət və ehtiramın ifadəsidir.
Onu da diqqətə çatdıraq ki, ÜƏMT üzv dövlətlərinin Assambleyalarının 66-cı iclasında tədbirə onlayn qoşulan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri K.İmanov çıxış edərək, Azərbaycanda əqli mülkiyyət sahəsində əldə edilən uğurlardan danışıb. Qeyd edib ki, ölkəmizdə yaradıcı sahibkarlar, investisiyalar və rəqabətqabiliyyətli bazarlarla yanaşı innovasiyaları dəstəkləyən əqli mülkiyyət prioritet kimi önə çəkilib. İşğaldan azad edilmiş Azərbaycan ərazilərində “ağıllı kənd” (smart kənd) və “ağıllı şəhər”lərin (smart şəhərlərin) yaradılmasına xüsusi diqqət yetirilir.
İdarə Heyətinin sədri K.İmanov ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi gösəricilərə dair “Açıq reyestr”lərin yaradıldığı, 3D formatın tətbiqi, patent analitikası, iddia sənədlərinin baxılma müddətinin azaldılması, ixtira və patent fəallığının əvvəlki illərlə müqayisədə xeyli artması və digər yeniliklər barədə də məlumat verib.
22:09 17.07.2025
Oxunuş sayı: 703