"“Əkinçi”-nin üslubu Azərbaycan dilinin inkişafında da mühüm rol oynadı" Umud Mirzəyevlə MÜSAHİBƏ

Azərbaycan mətbuatının 150 illik tarixçəsi yalnız informasiya yayımı ilə məhdudlaşmayıb, eyni zamanda milli kimliyin formalaşmasında əhəmiyyətli rol oynayıb. 1875-ci ildə işıq üzü görən "Əkinçi" qəzeti ilə başlanan bu maarifçilik yolu, zaman-zaman senzura və siyasi qadağalarla üz-üzə qalsa da, xalqın düşüncəsini ifadə etməyə davam edib. Bu uzun və sınaqlarla dolu tarix, söz azadlığının və ictimai oyanışın gücünü ortaya qoyub. Bugünkü mətbuat da öz üzərinə düşən vəzifəni davam etdirərək cəmiyyətin informasiya ehtiyacını ödəməklə yanaşı, ictimai rəyi formalaşdıran əsas dayaqlardan biri kimi çıxış edir. Mətbuatın 150 illik yubileyi isə həm tarixi irsimizə sayğı duruşudur, həm də gələcək nəsillər üçün azad və məsuliyyətli jurnalistikanın əhəmiyyətini göstərən mühüm bir çağırışdır.
Bu əlamətdar tarix münasibətilə Crossmedia.az Analitik İnformasiya Portalı olaraq “Mətbuat-150” rubrikası çərçivəsində ölkənin peşəkar və tanınmış jurnalistləri, ictimai-siyasi xadimləri ilə müsahibələri davam etdiririk. Növbəti müsahibimiz Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevdir.
-“Əkinçi” qəzetinin nəşrə başlaması Azərbaycan cəmiyyətinə nə verdi?
-1875-ci ildə işıq üzü görən “Əkinçi” qəzeti Azərbaycan cəmiyyətinin ictimai-mədəni inkişaf tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu nəşr sadəcə bir informasiya vasitəsi deyil, maarifçilik ideyasının konkret daşıyıcısı və milli şüurun oyadılmasına yönəlmiş hərəkatın mərkəzinə çevrildi. İlk dəfə olaraq geniş kütləyə öz ana dilində – sadə və aydın dildə müraciət olundu. Bu isə həm dillə bağlı şüurun möhkəmlənməsinə, həm də oxucu ilə yazar arasında psixoloji və sosial məsafənin azalmasına xidmət etdi. “Əkinçi” maarifin gücünü önə çəkərək cəmiyyətdəki durğunluğu və intellektual boşluğu dəyişməyə yönəlmiş bir çağırış idi – o, xalqı ilk dəfə öz taleyinə sahib çıxmağa, problemləri təhlil etməyə və onları aradan qaldırmaq üçün düşünməyə təşviq edən dəyər oldu. Beləliklə, qəzet ictimai şüurun formalaşmasında, milli kimliyin oyanmasında və mədəni inkişafda əvəzsiz rol oynadı.
-Qəzetin əsas ideyası və yönəldiyi təbəqə kimlər idi?
-“Əkinçi”nin əsas ideoloji xətti maarifçilik və sosial dirçəliş idi. Həsən bəy Zərdabi qəzet vasitəsilə savadsızlığa, mövhumata, ictimai ətalətə qarşı barışmaz mövqe sərgilədi. O, cəmiyyətin ən zəif və ən çox ehtiyacı olan təbəqəsinə – kəndlilərə, əkinçilərə, zəhmət adamlarına səslənərək onların gündəlik həyatına işıq tutdu, həm hüquqi, həm iqtisadi, həm də mənəvi maarifləndirmə həyata keçirdi. Lakin qəzetin mesajları yalnız sadə xalqla məhdudlaşmırdı. Zərdabi eyni zamanda ziyalıları, müəllimləri, tələbələri və idarəçiləri məsuliyyətə çağırır, onları xalqla birləşməyə, onların dərdini özününküləşdirməyə təşviq edirdi. “Əkinçi” beləliklə həm maarifçi tribuna, həm də sosial barometr funksiyasını yerinə yetirirdi. “Əkinçi” elə bir mətbuat tribunasına çevrilmişdi ki, o həm sadə insanı maarifləndirir, həm də ziyalı təbəqəni və aydınları xalqın yanında dayanmağa sövq edirdi.
-Qəzetin dövr üçün əhəmiyyəti və mahiyyəti barədə nə deyə bilərsiniz?
-XIX əsrin sonlarında mətbuat Şərq ölkələrində yenicə yayılmağa başlamışdı və insanlar üçün fikir bildirmək, müzakirə aparmaq baxımından yeni bir vasitəyə çevrilirdi. Bu baxımdan “Əkinçi” sadəcə bir qəzet deyildi – o, Azərbaycan cəmiyyətinin ilk dəfə özünə baxdığı, problemlərini tanıdığı bir güzgü idi. İnsanlar bu qəzet vasitəsilə nəyi doğru, nəyi yanlış etdiklərini anlamağa çalışırdılar. “Əkinçi” həm maarifçiliyi yayır, həm də cəmiyyəti düşünməyə və dəyişməyə təşviq edirdi. O dövrdə çar senzurasının ağır şərtlərinə baxmayaraq, “Əkinçi” azərbaycanlıların və ümumiyyətlə, müsəlman Şərqinin ilk dünyəvi və milli məzmunlu mətbu orqanı kimi bir çox tabu və stereotipləri sındırdı. Mahiyyətcə qəzet bir maarif kürsüsü, milli düşüncə məktəbi idi və sonrakı illərdə Azərbaycan milli mətbuatının, ədəbiyyatının və vətəndaş cəmiyyətinin inkişafı üçün zəmin hazırladı.
-“Əkinçi”-nin dili və üslubu dövrünə görə nə ilə seçilirdi?
-“Əkinçi”-nin dili o dövrün yazılı kommunikasiya standartlarını kökündən dəyişdi. Həsən bəy Zərdabi dilin demokratikləşdirilməsi ideyasına sadiq qalaraq, xalqın gündəlik ünsiyyət dilini mətbuata gətirdi. Bu, həm funksional, həm də simvolik baxımdan əhəmiyyətli idi – dil ilk dəfə olaraq xalqın deyil, elitanın xidmətində olmadığını göstərdi. O dövrdə ədəbi mühit ərəb-fars təsirindən çıxmaqda çətinlik çəkdiyi halda, “Əkinçi”-nin dili milli dirçəlişin ifadə vasitəsinə çevrildi. “Əkinçi”-nin üslubu Azərbaycan dilinin inkişafında da mühüm rol oynadı və milli mətbuat ənənəsinin əsasını qoydu. Beləliklə, “Əkinçi” sadəcə bir mətbu orqan deyil, həm də Azərbaycan ədəbi dilinin sadəlik, anlaşıqlılıq və funksionallıq istiqamətində təkamülündə bir mərhələ oldu.
Ayhan
16:29 16.07.2025
Oxunuş sayı: 765