Professor: "Süni intellekt və kvant texnologiyası arasında rəqabət gedir"

"İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaiti bu sahənin nəzəri və praktiki əsaslarını əhatə edən fundamental bir əsərdir. Kitabda ictimaiyyətlə əlaqələrin tarixi inkişafı, nəzəriyyələri və əsas prinsipləri geniş təqdim olunur. Müəlliflər dövlət və özəl sektorda auditoriyalarla münasibətlərin tənzimlənməsi üzrə strategiyalar, plan və proqramları, eləcə də böhran vəziyyətlərinin idarə olunması kimi aktual mövzuları əhatə ediblər. Mətbuatla əməkdaşlıq, press-relizlərin hazırlanması, sosial media ilə iş və digər praktiki alətlər də dərs vəsaitində real nümunələrlə şərh olunur. Kitabda ictimaiyyətlə əlaqələr sahəsində yaranan yeni tendensiyalar, o cümlədən rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi də təqdim edilib.
Bu vəsait ali məktəblərdə jurnalistika, kommunikasiya və idarəetmə ixtisasları üzrə təhsil alan tələbələr, həmçinin PR sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub. Kitabın müəllifləri Vüqar Zifaroğlu, Aynur Nəsirova, Xatirə Hüseynova, Pərvanə İbrahimova, Vəfa İsgəndərova, Afət Yaqubova, Vəli Əlibəyov, Yədgar Cəfərov, Zanura Talıbova, Natiq Pənahlıdır. Kitab yaratmaq çətin məsələdir. Bu, nə məqalədir, nə çıxış, nə də tezis. Biz bu prosesə iki il əvvəl başlayanda süni intellekt barədə danışırdıq. Kitab çapa gedəndə isə artıq süni intellektin agent olduğu barədə müzakirələr aparılırdı. İqtisadi əlaqələrə isə taktika kimi yanaşmaq doğru deyil.
Bu fikirləri " İctimaiyyətlə Əlaqələrin Əsasları" dərs vəsaitinin təqdimatı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı səsləndirib.
“Kitabın elmi redaktoru kimi deyə bilərəm ki, belə bir texnoloji çağırış dövründə kitab yazmaq çox cəsarətli addımdır. Bu kitab həm universitetlərdə, həm də özəl sektorda mühüm rola malik olacaq. İki texnologiya arasında ciddi rəqabət gedirdi: süni intellekt və kvant texnologiyası. Süni intellekt bir anda inkişaf edərək irəlilədi, kvant isə bir qədər ləng addımladı. Məsələ ondadır ki, biz bəzən elə bilirik yalnız strategiyanı quranlar yeni texnologiyalardan istifadə edir. Amma belə deyil. Zaman keçdikcə kanallar və əlaqələr dəyişir. Əgər yenidən kitab yazsaq, ictimai əlaqələr strategiyasını quranları və onların auditoriyasını da görmüş olacağıq”, – deyə Vüsal Qasımlı qeyd edib.
V.Qasımlının sözlərinə görə, gələcəkdə dünyanı iki əsas məsələ formalaşdıracaq: süni intellekt və enerji.
Professor çıxışının sonunda bu kitabın hazırlanmasında əməyi keçən Pərvanə İbrahimova, Xatirə Hüseynova, Zənurə Talıbova, Aynur Nəsirova, Cahangir Məmmədli və digər şəxslərə təşəkkür edib.
Fatimə Məmmədova
17:47 15.07.2025
Oxunuş sayı: 1061