Təhsil sistemində əsas prioritet yüksək ixtisaslı kadr hazırlığı və yeniliklərə açıq yanaşmadır - Ekspert
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib. İştirakçılar ötən ilin qəbul nəticələrini nəzərdən keçirərək, növbəti tədris ili üçün tələbə qəbulu planlarının optimallaşdırılması və ixtisas təsnifatının əmək bazarının tələblərinə uyğun keçiriləcək yeniləmələri təqdim ediblər.
Orta ixtisas təhsil müəssisələrinə qəbul planlarının optimallaşdırılması və əmək bazarına uyğun kadr hazırlığı ilə bağlı fikirlərini bölüşən təhsil eksperti, fəlsəfə doktoru İlqar Orucov Crossmedia.az saytına açıqlamasında bildirib: "Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu, onun təhlili və əlaqələndirilməsi mövzusunda tədbir keçirilib. Tədbir həmçinin qəbul planının optimallaşdırılması və plan yerlərinin müzakirəsi məsələlərinə həsr olunub. Qəbul planının optimallaşdırılması təhsil sisteminə mühüm üstünlüklər verir. İlk növbədə bu, təhsil prosesində səmərəliliyin artmasına xidmət edən vacib şərtdir. Eyni zamanda optimallaşdırma əmək bazarının tələblərinə uyğun gələcək kadr hazırlığına yönəlmiş strateji addımdır. Bu, həm təhsil müəssisələrinin fəaliyyət səmərəsini artırır, həm də əmək bazarının ehtiyaclarına uyğun ixtisaslı kadrların yetişdirilməsini təmin edir. Optimallaşdırma prosesi təhsil müəssisələrinin infrastrukturunun qəbul planına uyğunlaşdırılması üçün də zəmin yaradır. Əgər müəyyən ixtisas üzrə qəbul planı təsdiq edilirsə, həmin təhsil müəssisəsinin həmin ixtisasa uyğun laboratoriya, tədris məzmunu, təlim proqramı və peşəkar müəllim heyəti ilə təmin olunması vacibdir. Bu, maddi-texniki və kadr bazasının gücləndirilməsi ilə yanaşı, müasir təhsil tələblərinə uyğun müəssisə-əmək bazarı əməkdaşlığını da tələb edir".
Ekspert, təhsil müəssisələrinin əmək bazarının ehtiyaclarını nəzərə alaraq strategiya hazırlamalı və müəllim heyətinin peşəkarlığını artırmaq üçün təlim proqramları keçirməli olduğunu qeyd edib: "Təhsil müəssisələri əmək bazarının gələcək ehtiyaclarını öncədən proqnozlaşdırmalı, öz strategiyalarını buna uyğun qurmalı, pedaqoji heyətin peşəkarlığını artırmaq üçün təlim və ixtisasartırma proqramları tətbiq etməlidirlər. Plan yerləri aidiyyəti qurumlarla birlikdə təhlil edilərək hesablanır və buna uyğun şəkildə müəyyənləşdirilir. Bu, sistemli araşdırma və düzgün planlaşdırma tələb edir.
Tələbə qəbulunda mümkün yeniliklərlə bağlı qeyd edilməlidir ki, bu prosesi həyata keçirən aidiyyəti dövlət qurumu – Dövlət İmtahan Mərkəzi – hər zaman yeniliklərə açıqdır. Faydalı tənqid və təkliflər nəzərə alınır, dəyişikliklər isə araşdırmalar və təcrübə əsasında həyata keçirilir. Hazırda növbəti il üçün qəbul prosesinə qədər vaxt var və ehtiyac yaranarsa, DİM müvafiq yenilikləri tətbiq edəcək. Bu qurumun fəaliyyəti şəffafdır və görüləcək yeniliklər ictimaiyyətə açıq şəkildə təqdim olunacaq".
Sonda İ.Orucov əsas məqsədin ixtisaslı kadr hazırlığını əmək bazarının tələblərinə uyğun qurmaq olduğu bildirib: "Əsas məqsəd qəbul prosesini və kadr hazırlığını elə qurmaqdır ki, məzunlar əmək bazarına daxil olduqda öz bilik və bacarıqlarını real iqtisadiyyatda tətbiq edə bilsinlər. Ölkəmizin gələcək inkişafı bilikli və texnoloji yenilikləri mənimsəməyə hazır kadr hazırlığından asılıdır. Prezidentin elmi ictimaiyyətlə görüşdə qeyd etdiyi kimi, yalnız bilikli mütəxəssislər və innovasiya yönümlü yanaşma uğurlu gələcəyin təminatıdır. Buna görə də təhsil sistemində əsas prioritet yüksək ixtisaslı kadr hazırlığı və yeniliklərə açıq yanaşmadır".
Pərvin Hacıyeva
11:05 06.11.2025
Oxunuş sayı: 1368