Yəməndə 700 husi öldürüldü
Yəmən ordusu husilərin mövqelərinə 257 hücum həyata keçirildiyini və əməliyyatlar zamanı ən azı 700 husi üzvünün öldürüldüyünü və ya yaralandığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu Ajansı” bu barədə məlumat yayıb.
Yəmən Silahlı Qüvvələrinin açıqlamasına görə, hücumlar döyüş təyyarələri, pilotsuz uçuş aparatları, artilleriya bölmələri, raketlər və çoxlüləli reaktiv yaylım atəş sistemləri ilə həyata keçirilib.
Əməliyyatların əsasən Səna, Midi, Bəqim, Cövf, Marib, Beyda və Ləhic vilayətləri, həmçinin Taiz bölgəsində aparıldığı bildirilib. Husilərə məxsus komanda-idarəetmə mərkəzləri, toplanış və gücləndirmə məntəqələri, ehtiyat qüvvələr, silah-sursat anbarları, hərbi təchizat xətləri və nəqliyyat vasitələrinin hədəf alındığı qeyd olunub.
Açıqlamada 170 hərbi və döyüş maşınının məhv edildiyi və ya istifadəyə yararsız vəziyyətə salındığı iddia edilib. Yəmən ordusu hücumların husilərin hərbi imkanlarına ciddi təsir göstərdiyini və onların mülki əhaliyə qarşı hücumları davam etdirmək imkanlarını məhdudlaşdırdığını bildirib.
Digər tərəfdən, husilərin hərbi sözçüsü Yəhya Səri Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələrinin son 24 saat ərzində Səna, Səda, Taiz, Həccə və Marib vilayətlərindəki yaşayış məntəqələrinə 60 hava və raket zərbəsi endirdiyini iddia edib.
Sərinin sözlərinə görə, hücumlarda “F-15” və “Typhoon” tipli döyüş təyyarələrindən istifadə olunub, raket zərbələri isə Nəcran istiqamətindən həyata keçirilib. O, gərginliyin artmasından sonra Səudiyyə Ərəbistanının ümumilikdə 1 410 hava və raket hücumu həyata keçirdiyini iddia edib. Bu iddialarla bağlı Səudiyyə Ərəbistanı tərəfindən açıqlama verilməyib.
Husilərin səhiyyə qurumunun nümayəndələri isə sentyabrın 3-dən etibarən Səudiyyə Ərəbistanının hava hücumları nəticəsində 72 nəfərin öldüyünü, 125 nəfərin yaralandığını iddia ediblər.
Yəməndə vətəndaş müharibəsi husilərin 2014-cü ilin sentyabrında paytaxt Sənanı və bir sıra vilayətləri nəzarətə götürməsindən sonra başlayıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası isə 2015-ci ilin martından beynəlxalq səviyyədə tanınan Yəmən hökumətini dəstəkləyir.
08:55 04.10.2026
Oxunuş sayı: 48