İsrail ordusu məktəbi hədəf aldı
İsrail ordusunun Livanın cənubunda atəşkəsə baxmayaraq hərbi əməliyyatlarını davam etdirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Livanın rəsmi Milli Xəbər Agentliyi (NNA) bu barədə məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Hula qəsəbəsində yerləşən “xüsusi məktəb” binasını partlayıcı maddələrdən istifadə edərək dağıdıb. Həmçinin İsrail ordusunun Nebatiyə bölgəsinə daxil olan Baraşit qəsəbəsi ətrafını artilleriya atəşinə tutduğu bildirilib.
Bundan başqa, İsrailə məxsus döyüş təyyarələrinin Kəfrtebnin və Sur şəhərindəki bəzi yaşayış məntəqələrinə zərbələr endirdiyi qeyd olunub.
NNA İsrail ordusunun atəşkəs rejiminə baxmayaraq Livanın cənubunda hücum və pozuntuları davam etdirdiyini vurğulayıb.
Məlumata görə, İsrail ordusu martın 2-dən etibarən Livana intensiv hava zərbələri endirməyə başlayıb və ölkənin cənubundakı bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb. Livan hökuməti həmin dövrdə ölkədə məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.
Livan və İsrail arasında aprelin 17-də qüvvəyə minən atəşkəs sonradan bir neçə dəfə uzadılıb. İyunun 26-da isə Vaşinqtonda aparılan birbaşa danışıqların beşinci raundundan sonra tərəflər arasında çərçivə sazişi imzalanıb.
Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, martın 2-dən etibarən İsrailin ölkəyə endirdiyi zərbələr nəticəsində azı 4 386 nəfər həyatını itirib.
02:40 04.10.2026
Oxunuş sayı: 56