Bioloq alimin şoranlaşmış torpaqların bərpası ilə bağlı layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub
Biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayevin “Azərbaycan Respublikası ərazisində şoranlaşmış torpaqların amarant bitkisi vasitəsi ilə bərpasının iqtisadi və ekoloji səmərəli texnologiyasının işlənib hazırlanması” layihəsi Azərbaycan Elm Fondu 2025-ci ilin Əsas Qrant Müsabiqəsinin qalibi olub.
Bu barədə Murad Musayev Crossmedia.az-a açıqlama verib. Onun sözlərinə görə, təqdim edilən layihə böyük vəsait sərf etmədən müasir səmərəli üsulla – fitomeliorasiya yolu ilə şoranlaşmış torpaqların reabilitasiyasına imkan yaradacaq. Bu məqsədlə fitomeliorativ vasitə olaraq amarant bitkisinin seçilmiş növlərinin istifadəsi və araşdırılması nəzərdə tutulur. Təqdim edilən layihənin Respublikanın əsasən Aran bölgəsində şoranlaşmaya məruz qalan torpaq sahələrində həyata keçirilməsi nəzərdə tutulur.
Murad Musayevin sözlərinə görə, qlobal istiləşmə prosesi bütün dünyada insanların qida və su ehtiyatlarına öz təsirini göstərməkdədir.
“İqlim dəyişikliyi və gündən-günə intensivləşən antropogen təsir torpaqların deqradasiyasının sürətlənməsinə və əkin sahələrinin getdikcə azalmasına səbəb olur. Bunun nəticəsi kimi son illər Azərbaycan Respublikası ərazisində digər dəyişikliklərlə yanaşı əkinə yararlı torpaq sahələrinin şoranlaşması baş verməkdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesablamalarına əsasən Azərbaycanda 3,2 mln.ha ərazi eroziyaya, 2 mln.ha qədər torpaq isə şoranlaşmaya məruz qalmışdır. Respublikada ən çox şoranlaşan torpaqlar Kür-Araz ovalığında müşahidə edilir (1.32 mln.ha). Bu ərazinin 1,3 mln.ha-lıq sahəsinin 50% (0,7 mln.ha) təkrar şoranlaşmaya məruz qalmışdır. Əkinə yararlı torpaqlarda torpağın məhsuldar qatının saxlanılması və bərpa olunması problemi aqrar sahənin başlıca problemlərindən biridir. Nəzərə alınsa ki, torpağın humus təbəqəsinin bərpa olunmasına 100 ilə qədər vaxt tələb olunur, antropogen təsirlər və təbii deqradasiya nəticəsində sıradan çıxmış minlərlə hektar torpağın bərpası probleminin aktuallığı ön sıraya çıxarır”-deyə, o, bildirib.
Onun fikrincə, layihə çərçivəsində aşağıdakı nəticələrin əldə olunması:
-Respublikanın torpaqlarında mövcud olan şoranlaşma probleminin aradan qaldırılması üçün amarant bitkisini tətbiq etməklə bərpa texnologiyasının işlənməsi və təklif edilməsi; -təbii mənşəli biopreparatların bitkinin məhsuldarlığına stimullaşdırıcı təsirinin müəyyən olunması zəminində yeni texnologiyaların, yem bazasının, emal müəssisələrinin və istehsal sahələrinin formalaşdırılması;
-bitkinin müxtəlif hissələrindən yeni müalicə preparatları, ekstrakt və içkilərin alınması imkanlarını nəzərə alarq təkliflərinin hazırlanması;
-işlənib hazırlanmış yeni bioloji bərpa texnologiyasının müxtəlif şoranlaşmış torpaqlara tətbiqinin mümkünlüyü haqqında metodik göstərişlərin hazırlanması;
-işsizlik probleminin həllinə yardım üçün müvafiq aqroparkların yaradılması təklifinin işlənilməsi
nəzərdə tutulur.


19:36 05.11.2025
Oxunuş sayı: 1327